SİYASƏT
AZƏRBAYCAN PARLAMENTİNİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ
Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı İlham Əliyev sentyabrın 23-də Strasburqda, AŞPA Siyasi komitəsinin iclasından sonra respublika televiziyasına qısa müsahibə vermişdir.
SUAL: İlham müəllim, Azərbaycan tamaşaçıları ölkəmizin nümayəndə heyətinin Avropa Şurasının IV sessiyasındakı işini səbirsizliklə gözləyirlər. Bu sessiyada hansı işləri görməyi planlaşdırırsınız?
İLHAM ƏLİYEV: Bilirsiniz ki, Azərbaycanla bağlı məsələ bu beynəlxalq təşkilatın sentyabrın 26-da keçiriləcək sessiyasının gündəliyinə salınıbdır. Bu, Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsi ilə bağlıdır. Artıq məruzə də hazırlanıbdır. Eyni zamanda, qəbul ediləcək qətnamənin layihəsi də, demək olar ki, hazırdır. Biz indi çalışırıq ki, o qətnaməyə öz düzəlişlərimizi edək. Çünki qətnamədə müsbət tərəflərlə yanaşı, mənfi tərəflər də, qeyri-obyektiv məqamlar da var. Biz çalışırıq ki, bu qeyri-obyektiv məqamları məruzədən və qətnamədən çıxaraq. Müsbət tərəflərdən biri də odur ki, Avropa Şurasının çox vacib sənədlərindən birində artıq açıq-aydın bildirilir ki, Azərbaycanın torpaqları işğal olunubdur, Ermənistan Azərbaycana qarşı təcavüz edibdir və bu işğal nəticəsində Azərbaycanın bir milyondan artıq qaçqını vardır.
Bilirsiniz ki, bu vaxta qədər Avropa Şurasında bu barədə belə açıq-aydın bəyanat verilməmişdir. Mən hesab edirəm ki, bu, çox böyük uğurdur.
Eyni zamanda, Ermənistanın da öz üzərinə götürdüyü öhdəliklər bu sessiyada müzakirə obyektinə çevriləcək və Ermənistana aid məruzədə də məhz o işğal olunmuş torpaqlar öz adları ilə göstərilibdir. Hesab edirəm ki, bu, bizim çox böyük uğurumuzdur. Son il yarım ərzində nümayəndə heyətimizin üzvləri, deyə bilərəm ki, hər sessiyada bu məsələ - Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər məlumat çatdırıblar. Eyni zamanda, artıq Avropa Şurasında çoxlu sənədlər qəbul olunubdur. Bu işlərin nəticəsidir ki, Avropa Şurasının bütün sənədlərində həmin məsələ öz əksini tapıbdır. Bununla belə, bizə aid məruzədə, bayaq qeyd etdiyim kimi, çox qərəzli məqamlar da var. Biz indi çalışırıq ki, düzəlişlər vasitəsilə bunları aradan qaldıraq.
Amma mən hesab edirəm ki, müzakirə konstruktiv şəkildə keçəcəkdir. Bilirsiniz ki, biz bu müddət ərzində Avropa Şurasının müxtəlif ölkələrdən olan deputatlarının dəstəyini qazanmışıq. Çox gözəl işgüzar münasibətlərimiz var. Əminəm ki, bu sessiyada xüsusilə bizim ölkəyə aid olan məsələnin müzakirəsi sakit şəkildə keçəcək və bu, imkan verəcəkdir ki, ölkəmiz gələcəkdə də demokratik islahatları genişləndirsin, respublikamızda vətəndaş cəmiyyətini sürətlə formalaşdırsın. Ümumiyyətlə, Azərbaycanı iqtisadi və siyasi cəhətdən daha da güclü dövlətə çevirsin.
Siyasi komitələrin toplantıları artıq keçirilibdir. Ümidvaram ki, bu sessiya Azərbaycan üçün uğurlu olacaqdır.