CƏMİYYƏT
“Azərbaycan” pavilyonu təşəkkürnamə ilə təltif edilib
Moskva, 17 sentyabr, AZƏRTAC
“Azərbaycan” pavilyonu təşəkkürnamə ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) hadisələr gündəliyinə inteqrasiyasına, eləcə də XTNS-nin ərazisində bayram təntənələrində fəal iştirakına, xüsusən İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü dövründə fəallığına görə “Azərbaycan” pavilyonu təşəkkürnamə ilə təltif olunub.
Təltifolunma XTNS-nin 83 illiyinin qeyd edilməsi çərçivəsində keçirilib. “XTNS” Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Şoqurov mükafatı pavilyonun direktoru Səadət Qədirovaya təqdim edib.
Qeyd edək ki, pavilyon mayın 9-da “Faşizm üzərində Qələbədə Azərbaycan SSR-in rolu” adlı tədbir keçirib. Tədbir çərçivəsində qonaqlara Azərbaycan kinostudiyalarının İkinci Dünya müharibəsindən və xalqlar dostluğundan bəhs edən filmləri nümayiş olunub.
Qonaqlar üçün o dövrün hərbi qərargahlarının şəraitini əks etdirən tematik fotozona fəaliyyət göstərib. Ziyarətçilər improvizə olunmuş “Əbədi məşəl”in qarşısına güllər düzüblər. Tədbirdə, həmçinin tematik ekskurslar və xatirə hədiyyələri ilə viktorinalar təşkil olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva