İQTİSADİYYAT
Azərbaycan Polşa üçün çox vacib və ehtiyac duyulan tərəfdaşdır

Varşava, 2 aprel (AZƏRTAC, Laçın Sultanova). Azərbaycan Polşa üçün çox vacib və ehtiyac duyulan tərəfdaşdır. AZƏRTAC xəbər verir ki, Polşa Respublikası Baş nazirinin müavini və iqtisadiyyat naziri, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının həmsədri Yanuş Pexoçinski bu fikri azərbaycanlı jurnalistlərlə görüşdə söyləmişdir.
Baş nazirin müavini bildirmişdir ki, Polşa ilə Azərbaycan arasında ənənəvi xoş münasibətlər bütün səviyyələrdə davam edir. O demişdir: “Bu gün Azərbaycan Polşa üçün çox vacib və ehtiyac duyulan tərəfdaşdır, çünki Azərbaycan regionda əməkdaşlıq körpüsüdür. Biz sizin ölkənizə və onun iqtisadiyyatına inanırıq. Son 20 ildə Azərbaycan öz iqtisadiyyatını dirçəltmək yolunda çox çətinliklərlə üzləşmişdir. Elə etmək lazım idi ki, ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi təkcə təbii ehtiyatlardan ibarət olmasın.
Biz Azərbaycanı Polşanın mühüm tərəfdaşı hesab edirik, ona böyük ümid bəsləyirik. Xüsusən energetika və kimya sektorlarında fəaliyyət göstərən Polşa firmaları Azərbaycana təkcə xammal ixracatçısı kimi baxmırlar, onlar bu əməkdaşlığı genişləndirmək, sərmayə qoyuluşunu yeni səviyyəyə çatdırmaq, sizin xammalın emalında iştirak etmək istəyirlər. Bu sahə bizim gələcək əməkdaşlığımızın çox maraqlı aspekti ola bilər”.
Nazir bildirmişdir ki, son bir ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 20 faiz artaraq 153 milyon ABŞ dollarına çatmışdır. Polşadan Azərbaycana ixracın həcmi 8,6 faiz artaraq 130 milyon dollara, Azərbaycandan Polşaya idxalın həcmi isə 4,5 faiz artaraq 20 milyon dollara çatmışdır. “Biz istərdik ki, Azərbaycan malları Avropaya Polşa ərazisindən keçməklə daşınsın”.
Nazir öz ölkəsinin Polşa-Azərbaycan iqtisadi forumuna hazırlaşdığını bildirərək, Polşa tərəfinin arzularını belə ifadə etmişdir: “Biz energetika, kənd təsərrüfatı, nəqliyyat, ətraf mühitin qorunması, bank və maliyyə işi, turizm, gənclərin mübadiləsi sahələrində əməkdaşlığı genişləndirmək istəyirik. Bilirik ki, bu gün Azərbaycan böyük bir tikinti meydançasını xatırladır. İnfrastruktur obyektləri, dəmir yolları təzələnir. Biz Azərbaycan vasitəsilə Fars körfəzi ölkələri ilə birbaşa əlaqə yaratmaq üçün Azərbaycan dəmir yolunu İran dəmir yolları ilə birləşdirmək istəyirik. Azərbaycan, Qazaxıstan və Ukrayna dəmir yollarını Avropa ilə birləşdirmək yaxşı olardı. Polşadan Çinə hər həftə iki qatar yola düşür. Dəmir yol nəqliyyatının böyük gələcəyi var”.
Dəmir yol avadanlıqları və avtobus istehsalı ilə məşğul olan Polşa firmaları Azərbaycan bazarı ilə ciddi maraqlanırlar. Onlar Azərbaycanda öz ofislərini açmağa hazırdırlar.
Polşalı nazirin fikrincə, Azərbaycanın çox böyük kənd təsərrüfatı potensialı var və istehsalçı qruplarının təşkilində Polşanın təcrübəsindən istifadə etmək olar.
Baş nazirin müavini demişdir: “Azərbaycanın neft-qaz sektorunda, xüsusən təbii qazın istehsalı sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Polşa Azərbaycandan enerji xammalı almaqla bərabər, həm də bu xammalın yerində emal edilməsində iştirak etmək niyyətindədir. Bu, Azərbaycanın özü üçün də faydalı olacaqdır”.
Yanuş Pexoçinski əməkdaşlığın daha bir perspektivli sahəsindən söhbət açaraq demişdir: “Bizdə beynəlxalq turizm çox yüksək səviyyədədir. Polyaklar istirahət etmək üçün ölkə hüdudlarından uzaqlara gedirlər. Asiya onlar üçün cəlbedici regiona çevrilir. Polyaklar Qafqazda da olmaq istəyirlər. Azərbaycan qonaqpərvər, siyasi baxımdan sabit və təhlükəsiz ölkədir. Sizin qonşularınız haqqında bunu demək olmaz. Bu, Azərbaycanın üstünlüyüdür”.
Azərbaycanlı jurnalistlərlə görüşdə öz ölkəsinin Avropa İttifaqına üzv olduqdan sonra Polşa iqtisadiyyatının inkişafı barədə də söhbət açan nazir statistik göstəricilərinə istinad edərək xüsusi vurğulamışdır ki, bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı dövründə Polşa Avropada ÜDM səviyyəsinin azalmadığı yeganə ölkə idi.