Azərbaycan Prezidenti “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalamışdır
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalamışdır.
Sərəncamda qeyd olunmuşdur ki, dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır.
Sənəddə müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqinin məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəyi vurğulanmışdır.
Sərəncama əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə
Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə imkan yaradan “Elektron məhkəmə” informasiya sisteminin təşkilinin və fəaliyyətinin birgə təmin edilməsi, həmçinin bu sistemdən istifadə qaydalarının müəyyənləşdirilməsi barədə Ali Məhkəməyə tövsiyə edilmiş, Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıq verilmişdir. Həmçinin Nazirlər Kabinetinə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin olunması barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək tapşırılmışdır.
Sənəddə, “Elektron məhkəmə” informasiya sisteminin ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu, cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini, məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını, qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini və s. təmin etməli olduğu diqqətə çatdırılmışdır.