AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İRAN İSLAM RESPUBLİKASI PARLAMENTİ İRAN-AZƏRBAYCAN DOSTLUQ QRUPUNUN ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev martın 11-də Prezident sarayında Əliəsğər Şerdust başda olmaqla İran İslam Respublikası parlamenti İran-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:
-Hörmətli qonaqlar, xoş gəlmisiniz, səfa gətirmisiniz. Hörmətli Şerdust, biz hörmətli səfirlə danışmışdıq ki, İran-Azərbaycan dostluq qrupunun başçısı kimi, sizin rəhbərliyiniz altında parlamentin nümayəndə heyəti buraya gələcəkdir. Siz də gəldiniz və bir neçə gündür ki, buradasınız, mən bunu izləyirəm, bilirəm ki, haralarda olmusunuz. Mən dedim ki, qoy onlar hər yerdə olsunlar, təəssüratlarını toplayandan sonra mən də onlarla görüşəcəyəm.
Çox məmnunam. Güman edirəm ki, bu bir neçə gündə Azərbaycanın bugünkü vəziyyəti ilə tanış ola bilmisiniz, bizim parlamentdə, başqa yerlərdə görüşlər keçirmisiniz. Onlar da sizə Azərbaycan haqqında məlumatlar veriblər. Güman edirəm ki, hər yerdə dostluq, mehribanlıq əhval-ruhiyyəsi ilə əhatə olunmusunuz. Hiss etmisiniz ki, Azərbaycanda İrana nə qədər böyük hörmət, ehtiram var, məhəbbət, sevgi var. Buyurun, cənab Şerdust.
Azərbaycan Prezidentinə təşəkkürünü bildirən İran-Azərbaycan dostluq qrupunun rəhbəri Əliəsğər Şerdust dedi:
-Bismillahir-rəhmanir-rəhim!
Cənab Prezident, bizi qəbul etdiyinizə və Sizinlə görüşdüyümüzə görə çox şadıq, özümün və həmkarlarımın təşəkkürünü Sizə çatdırıram. Allaha şükür edirəm ki, Siz həmişəki kimi, qonaqlarınızı ürəkdən, səmimi, xoş əhval-ruhiyyə ilə qarşılayırsınız. İcazə verin, hər şeydən əvvəl cənab Ağayi Xatəminin salamlarını Sizə çatdırım. Bakıya səfər etməzdən bir gün əvvəl cənab Xatəmi nümayəndə heyətimizin tərkibi ilə maraqlandı, Sizə öz səmimi salamlarını çatdırmağı xahiş etdi. Həm də ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı cənabınızın təklifləri ilə maraqlandığını bildirdi.
Bildiyiniz kimi, bu, İran- Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkənizə ilk səfəridir. Bu səfər müddətində Milli Məclisin möhtərəm sədri cənab Murtuz Ələsgərovla, Milli Məclisin deputatları ilə, burada olan həmkarlarımızla, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla çox yaxşı görüşlərimiz olmuşdur. Siz bu görüşləri izləmisiniz. Mən qısa şəkildə Sizə ərz edirəm ki, Azərbaycan Milli Məclisinin 4-5 komissiyası ilə işgüzar söhbətlər keçirmişik. Konkret təkliflər olub və inşallah, ümid edirik ki, parlamentlərarası münasibət daha da genişlənəcəkdir.
Bilirsiniz, İranda parlamentin geniş səlahiyyətləri var. Hətta adi bir deputat da istədiyi vəzifəli şəxsdən hesabat tələb edə bilir. İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun İran tərəfdən olan nümayəndələri çox böyük fəallıq göstərirlər və bu işə cani-dildən qoşulmuşlar. Buraya çox həvəslə, şövqlə, istəklə gəliblər. Bizdə belədir ki, əvvəlcədən siyahılar tutulur və kim haraya getmək istədiyini bildirir. Orada da bir hədd qoyulur, deyirlər ki, bu siyahıya 15 nəfərə qədər adam yazıla bilər. Bəzi siyahılar dolmur, bəzilərinin də adlarını siyahılara istəmədikləri halda yazırlar. Cənabınıza ərz etmək istəyirəm ki, bizim siyahıda 15 yerə 30 nəfər adını yazdırmışdı. Biz buraya gələcək deputatları püşk ataraq seçmişik. Yəni buraya gələnlərin hamısı Azərbaycanla münasibətlərin inkişafına ürəyi yanan insanlardır.
Mən Azərbaycanda çox olmuşam. Ölkənizin hər vəziyyətini görmüşəm. İndiki səfər zamanı Azərbaycanda olduğumuz bir neçə gün ərzində xalqın yüksək ruhunu, qurub yaratmaq əzmini, ölkədə əmin-amanlığın və şəxsən Sizin rəhbərliyiniz altında baş verən çoxlu dəyişikliklərin şahidi olmuşuq. Baxmayaraq ki, bundan əvvəl də bir neçə dəfə Azərbaycanda olmuşam, amma Bakının bugünkü vəziyyətini heç vaxt müşahidə etməmişdim. Bu münasibətlə mən Sizi təbrik edirəm. Allaha şükürlər olsun ki, Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda da bu inkişafı gördük. Siz əvvəllər Naxçıvanda işləyəndə də, sonra da orada olmuşam. Naxçıvanda, yaxud Bakıda çox inkişaf, çox gözəllik gözə dəyir. Mənimlə birlikdə olan dostlarımın bəziləri ilk dəfədir ki, Azərbaycana gəlirlər.
Mən bir şahid kimi, bu müvəffəqiyyətlərə görə cənabınıza təbrikimi ərz edirəm, Milli Məclis tərəfindən bizə hədsiz qayğı göstərildiyinə görə çox təşəkkür edirəm. Arzu edirəm ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə daha gözəl olsun, inkişaf etsin və biz də bununla fəxr edək.
İcazə versəydiniz, həmkarlarımı Sizə təqdim edərdim.
HEYDƏR ƏLİYEV: Buyurun.
ƏLİƏSGƏR ŞERDUST: Ağayi Mohebbiniya Qərbi Azərbaycandakı Miyandab şəhərindən olan deputatdır.
HEYDƏR ƏLİYEV: Miyandab, yaxşı tanıyıram.
ƏLİƏSGƏR ŞERDUST: Neçə dəfədir deputat seçilibdir. Qanunvericilik sahəsində yaxşı təcrübəsi var. Bizim iqtisadiyyat komissiyasının üzvüdür.
Ağayi Seyid Tahir Musəvi Kərəc şəhərinin nümayəndəsidir. Kərəc Tehranın yaxınlığında yerləşir və 1,5 milyon əhalisi var. O, azərbaycanlıdır. Bizim parlamentin sədri Kərrubinin xanımı ilə rəqabətdə qalib gələrək parlamentə deputat seçilmişdir. Parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvüdür. Ağayi Məhdəvi Əqdəm Təbriz əhalisinin nümayəndəsidir, mədəniyyət komissiyasının üzvüdür. Ağayi Qiyasi səhiyyə komissiyasının üzvüdür Şəbüstər və Xamnə şəhərlərinin deputatıdır. Ağayi Süleymani Babək şəhərinin nümayəndəsidir.
H E Y D Ə R Ə L İ Y E V: Babək, sizdə elə bir şəhər var? O şəhər elə keçmişdən Babək adlanır?
Ə L İ Ə S Ğ Ə R Ş E R D U S T: Bəli. Kirman ostanındadır. Ağayi Şərifi isə buradakı səfirliyimizin əməkdaşıdır.
H E Y D Ə R Ə L İ Y E V: Cənab Qəzai...
Ə L İ Ə S Ğ Ə R Ş E R D U S T: Ağayi Qəzai Sizə, cənab Həsənov da bizə çox tanışdırlar.
Cənab Prezident, Siz ağayi Qəzainin adını cəkdiyinizə görə mən də deyim ki, bu gün ölkələrimiz arasındakı münasibətlər həqiqətən ürəyi yanan bu iki səfirin səyləri nəticəsində gündən-günə inkişaf etməkdədir. Bilirsizmi, mən bu məsələləri izləmişəm, ölkələrimiz arasında indi yaranan münasibətlər heç vaxt olmayıbdır. İran hakimiyyətində ayətüllah Xamneidən, ağayi Xatəmidən tutmuş bütün rəhbərlikdə Azərbaycanla münasibətlərin daha da yaxşılaşması və genişlənməsi barədə ümumi bir fikir var. Siz cənabınız da həmişə bu fikri demisiniz və biz bununla fəxr etmişik. Ölkənizin İrandakı və bizim ölkənin Azərbaycandakı səfirləri də bu istiqamətdə çox gözəl işlər görürlər və biz əlaqələrimizin inkişaf etdirilməsinin şahidiyik. Ümidvarıq ki, Sizin göstərişlərinizlə və gələcəkdə, özünüz istədiyiniz vaxtda Tehrana gözlənilən səfəriniz zamanı inşaallah bəzi məsələlər də həllini tapacaqdır.
H E Y D Ə R Ə L İ Y E V: İnşaallah. Əvvəla, Prezident ağayi Xatəmidən mənə çatdırdığınız salama görə təşəkkür edirəm. Mənim də ona salamımı, hörmət və ehtiramımı çatdırın.
Ə L İ Ə S Ğ Ə R Ş E R D U S T: İcazə versəydiniz, onun vəziyyəti barədə də Sizə bir neçə kəlmə deyərdim. Ağayi Xatəmi xəstə idi, beli ağrayırdı, iki həftə idi yatırdı.
HEYDƏR ƏLİYEV: Beli ağrayırdı?
ƏLİƏSĞƏR ŞERDUST: Belində ağrı vardı, bir neçə həftə işə çıxa bilmədi.
HEYDƏR ƏLİYEV: Bir həftə?
ƏLİƏSĞƏR ŞERDUST: İki-üç həftə.
HEYDƏR ƏLİYEV: Bəs indi...
ƏLİƏSĞƏR ŞERDUST: Vyana şəhərinə getdi. Bu xəstəlik onda əvvəlcədən də vardı. Sonralar, prezident seçiləndən sonra bu ağrılar daha da artıbdir.
HEYDƏR ƏLİYEV: Güman edirəm ki, bu, keçib gedəcəkdir. Ağayi Xatəmi cavan bir insandır. Çox da güclü insandır. Bunlar keçib gedəcək və ağayi Xatəmi son illərdə olduğu kimi, bundan sonra da sizin ölkənizin dövlət başçısı vəzifəsini həyata keçirəcəkdir. Mənim ona salamlarımı, hörmət və ehtiramımı çatdırın.
Mən çox məmnunam ki, siz burada, həm Bakıda, həm Naxçıvanda görüşlər zamanı yaxşı təəssüratlar toplamısınız. Xüsusən parlamentdə, komissiyalarla görüşəndə, bizim yerli hakimiyyət orqanları ilə görüşlərinizdə yaxşı təəssüratlar toplamısınız. Güman edirəm, siz bir daha şahidi olmusunuz ki, Azərbaycanda İrana nə qədər gözəl münasibət vardır. Azərbaycan-İran əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin siyasətinin əsas xətlərindən biridir. Güman edirəm ki, bunu siz yerlərdə hiss etmisiniz. Mən bunu Azərbaycan dövlətinin başçısı kimi sizə deyirəm. Siz yəqin görüşlərinizdə hiss etmisiniz ki, Azərbaycanda bu siyasət nə qədər həyata keçirilir. Bu da həm Azərbaycan üçün, həm də İran üçün yeganə olan siyasətdir. Başqa siyasət ola bilməz. Biz qonşuyuq. Lap qədimdən dostuq, bizim böyük, müştərək dəyərlərimiz var, çox böyük müştərək ənənələrimiz var. Böyük müştərək mədəniyyətimiz var. Bunların hamısı əsrlər boyu bizi dost, qardaş edibdir və biz bir yerdə yaşamışıq. Bu gün də bir yerdə yaşayırıq, ancaq ayrı-ayrı dövlətlərdəyik. Bu da təbiidir. İran böyük bir dövlətdir, Azərbaycan da, nəhayət, on il bundan əvvəl öz müstəqilliyini əldə etmişdir və bu gün müstəqil yaşayan, öz ərazisinə və əhalisinə görə kiçik bir dövlətdir. Ancaq iş dövlətin kiçikliyində - böyüklüyündə deyil. İş ondadır ki, Azərbaycan xalqı öz müstəqilliyinə nail olubdur, müstəqil dövlətini qurubdur və on ildir ki, biz müstəqillik şəraitində yaşayırıq. Keçmişdə olan əlaqələrimiz - bunlar xüsusən tarixi, mədəni, elmi əlaqələr xarakteri daşıyıbdır. Amma bizim indiki əlaqələrimiz iki müstəqil dövlət arasında olan əlaqələrdir. Bilirsiniz ki, bunları da biz imzaladığımız dövlətlərarası müqavilələrlə, müxtəlif sənədlərlə, lazımi hüquqi sənədlərlə tənzim etmişik. Təbiidir ki, bu, gələcəkdə də davam etməlidir. Amma indiyə qədər olan işlər, zənnimcə, qənaətbəxş hesab oluna bilər.
Mən çox məmnunam ki, İranda yaşayan azərbaycanlılar da parlamentdə fəal iştirak edirlər. Bu nümayəndə heyətinin tərkibi sırf azərbaycanlılardan ibarətdir. Bu, çox gözəl bir haldır. Onların çoxu indiyə qədər Azərbaycanı görməyiblərsə və gəlib indi görürlərsə hiss edə bilərlər ki, müstəqil, bugünkü Azərbaycan nədir. Mən çox məmnunam və onların çoxlarının yəqin ki, müsbət fikirləri var. Ancaq biz bu əlaqələrimizi daha da genişləndirməliyik, daha da inkişaf etdirməliyik. Bu barədə biz xeyli işlər görmüşük. Mənim İrana səfərim hazırlanıbdır. Ancaq bilirsiniz, mən Nyu-Yorka getdim, - orada Davos konfransı keçirilirdi.
Mənim orada iştirakım mütləq lazım idi. 4-5 günlüyə oraya getdim. Elə oldu ki, dayanası oldum. Getdim Klivlend klinikasına, orada məni həm müayinə etdilər, həm də bir əməliyyat həyata keçirdilər. Siz bunları bilirsiniz. Buna görə mən bir ay burada - ölkəmizdə olmadım. Qayıdandan sonra işlərlə məşğulam, güman edirəm ki, sizin dövlətinizlə birlikdə, səfirlər vasitəsilə mənim səfərimin həm ağayi Xatəmi üçün, həm də mənim üçün münasib vaxtını müəyyən edəcəyik. Mən, nəhayət, bu səfəri həyata keçirəcək, İrana gələcəyəm.
Sizlərdən bir sözü olan var?
ƏLİƏSĞƏR ŞERDUST: Danişmaq istəyən var. Amma Tehranda yaşadığına görə ehtiyat edir ki, Azərbaycan dilində danışığı sərbəst olmaya. Amma danışsın, ürəyindən keçəni desin.
HEYDƏR ƏLİYEV: Buyursun, buyursun...
MİR TAHİR MUSƏVİ: Cənab Prezident, çox şadam ki, Siz bizi qəbul edirsiniz. Yaxın vaxtlarda Siz İrana, Tehrana təşrif gətirəcəksiniz. Ümidvarıq ki, bu yaxşı səfər olacaqdır. İrana edəcəyiniz səfər çox mühümdür. Biz bu səfərə böyük əhəmiyyət veririk. İnşaallah, cüzi problemlər və əngəllər bu səfər nəticəsində aradan qaldırılacaqdır.
Ümidvarıq ki, Allah qoysa, bu səfərdə siyasi, iqtisadi, ictimai məsələlər müzakirə edilər və bu, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə müsbət təsir göstərər. İrana təşrif gətirəcəyiniz günlərdə arzu edərdik ki, ölkəmizin parlamentində də olasınız, deputatlarımızla, xalqın nümayəndələri ilə görüşəsiniz, danışasınız. Yaranan imkanlardan istifadə edək.
HEYDƏR ƏLİYEV: Mən bunu çox məmnuniyyətlə edərəm.
ƏLİƏSĞƏR ŞERDUST: Cənab Prezident, bizim parlamentdə 80 azərbaycanlı deputat var. Bunlar İran-Azərbaycan əlaqələrinə çox həssas münasibətdə olan insanlardır. Belə demək olar ki, onlar Azərbaycanla bağlı məsələlərdə öz rollarını yerinə yetirməyə çalışıblar. Ağayi Musəvinin dediyi kimi, inşaallah, səfəriniz zamanı parlamentimizdə görüş məsələsi də nəzərə alınar və Siz mənim dediklərimin yaxından şahidi olarsınız. Burada ağayi Mohebbiniya əyləşib, bu məsələlərlə bağlı, o, bir vaxt rəsmi müzakirələri dayandıraraq, öz münasibətini bildirmişdir. Bizim parlamentin iş qaydasında belə bir cəhət vardır ki, taleyüklü dövlət məsələlərinin müzakirəsində deputatlar çox prinsipial mövqedən çıxış edirlər. Hətta bəzən ciddi iradlar olduqda, hər hansı deputat müzakirənin dayandırılması barədə məsələ qaldıra bilər. Ölkənin özündə və yaxud onun maraq dairəsinə daxil olan başqa bir ölkədə müharibə məsələlərinin müzakirəsində həmişə belə olur.
Bilirik ki, Siz İranla münasibətlərin inkişafına keçmişdə də, indi də özünüz şəxsən nəzarət edir, qayğı göstərirsiniz. Mən bir iranlı kimi, bu münasibətlərə ötən 10-15 il ərzində yaxından bələdəm. Hər halda bəzi problemlər var, cənabınızdan xahişimiz budur ki, Sizin özünüz də bununla bağlı müəyyən göstərişlər verəsiniz. O tərəfdə də bəzi informasiya çatışmazlığı, söz-söhbətlər olur, biz də çalışaq, bunlar aradan qalxsın, biz daha yaxın olaq.
Azərbaycan parlamentində bizim yaxşı, işgüzar söhbətlərimiz oldu, qloballaşmadan, regionun gələcək taleyindən, mədəniyyətlərimizin yaxınlaşmasından danışdıq. Siz keçmişimizdən söhbət açdınız və çox dəqiq, mənalı məsələlərə toxundunuz. Bizim gələcəyimiz də belə olacaqdır. Biz bir-birimizdən ayrı yaşaya bilmərik. Çarəmiz yoxdur, istər-istəməz bir-birimizə bağlıyıq. Ona görə də gərək yaxşı, işgüzar münasibətlər ola, gərək konkret təkliflər verilə. İnşallah, bəzi məsələləri həm Sizin şəxsi təşəbbüslərinizlə, - Siz buna ürəkdən səy göstərmisiniz, - həm də İranda bizim səylərimizlə həll etməklə, yaxınlıq yaratmaqla münasibətlərimizin daha da yaxşılaşmasına nail olmalıyıq.
Biz xalq kütlələrinin nümayəndəsiyik. Mən başqa nümayəndə heyətlərinin rəhbəri kimi də Sizinlə görüşmüşəm. Amma bu dəfə Sizinlə xalqın elçiləri kimi görüşürük. Siz bayaq dediniz ki, bu xalqları heç cür bir-birindən ayırmaq olmaz. Bir vaxt mən Bakıda idim. Burada bir hakimiyyət vardı. Camaat Azadlıq meydanına yığışmışdı. Toplantı dağılırdı. Birisi dedi ki, camaat, dağılmayın, Təbriz məsələsini də həll edək, sonra gedin. O dövrdə İranla münasibətlərin yaxşılaşması istənilməyib. Cənab Prezident, Siz bu münasibətlərin inkişaf etməsini istəyirsiniz, İranda da bunu ayətüllah Xamnei, ağayi Xatəmi istəyirlər. Belə olduğu halda, bəzi nöqsanlara yol verənlərin, inşallah Sizin köməyinizlə, millət vəkili kimi gərək biz də öz tərəfimizdən qarşısını alaq.
Cənab Prezident, İranda parlamentə deputat seçilmək çox cətin işdir. Təbrizdən mən və ağayi Məhdəvi deputat seçilmişik. Deputat olmaq istəyənlər çox idi. Altı deputat yerinə 500 nəfər namizədliyini irəli sürmüşdü. Bu qədər adam seçkilərdə iştirak etmək səlahiyyəti qazanmışdı. Deputat doğrudan da millət adından danışmaq hüququ olan bir şəxsdir. Tehrandan seçilən deputatların da 5-6-sı azərbaycanlıdır.
Ölkəmizin rəhbərliyində, Siz cənabınızda dövlətlərimiz arasında münasibətləri yaxşılaşdırmaq istəyi var. Biz Azərbaycan parlamentindəki İranla dostluq qrupunu səfərə dəvət etmişik. Burada keçirdiyimiz görüşlər zamanı sizin qadın deputatlarınız da İrana gəlmək istədiklərini bildirdilər. Bizim parlamentdə qadınlar üçün xüsusi fraksiya var. O fraksiya Azərbaycanın qadın deputatlarını İrana dəvət edib, Sizin və Murtuz müəllimin razılığı olsa, inşaallah onlar İrana səfər edərlər. Bu gediş-gəlişlər nəticəsində bəzi çatışmazlıqlar da həll olunar.
HEYDƏR ƏLİYEV: Mən də bu fikirdəyəm ki, bizim dostluğumuz, dostluq əlaqələrimiz çox möhkəmdir. Amma təbiidir ki, əlaqələrimizə mane olan amillər də var, bu əlaqələri pozmaq istəyənlər də var. Həm İran, həm də Azərbaycan tərəfdən bəzi nöqsanlar da var. Ona görə də biz daim sayıq olmalıyıq. Belə nöqsanları dərhal aradan qaldırmalıyıq və dostluğumuzu möhkəmləndirməliyik. Bu barədə fikirlərimiz eynidir. Güman edirəm ki, sizin tərəf də çalışacaq, biz də çalışacağıq. Sağ olun.
X X X
Qəbulda Milli Məclisin sədri Murtuz Ələsgəroıv, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai və digər rəsmi şəxslər iştirak edirdilər.