AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-AZƏRBAYCAN TİCARƏT PALATASININ HƏMSƏDRİ CEYMS BEYKERİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Prezident sarayında ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Ceyms Beykerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı XII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının Bakıda çox yaxşı səviyyədə keçməsindən məmnunluğunu bildirdi. Azərbaycanda informasiya və telekommunikasiya texnologiyaları sahəsinin inkişafına böyük maraq göstərildiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin bu sahədə inkişafın yeni mərhələsinə qədəm qoyduğunu nəzərə çarpdırdı. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan telekommunikasiya və informasiya texnologiyaları sahəsində uğurlar əldə edəcəkdir.
Təmsil etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq edən cənab Ceyms Beyker Bakıda keçirilən tədbirin əhəmiyyətli olduğunu bildirdi. O, bir sıra ölkələrin, o cümlədən ABŞ şirkətlərinin bu tədbirə cəlb olunmasını məmnunluqla vurğuladı.