AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN “HALLİBÖRTN” ŞİRKƏTİNİN PREZİDENTİ VƏ BAŞ İCRAÇI DİREKTORU DEVİD LEZARI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Prezident sarayında ABŞ-ın “Hallibörtn” şirkətinin prezidenti və baş icraçı direktoru Devid Lezarı qəbul etmişdir.
Qonaq Azərbaycan nefti yüklənmiş ilk tankerin Ceyhan limanından yola salınması münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bunun çox əlamətdar hadisə olduğunu vurğuladı, eyni zamanda, BTC layihəsinin uğurla həyata keçirilməsində rəhbərlik etdiyi şirkətin iştirakından böyük məmnunluq duyduğunu söylədi. O bildirdi ki, BTC kəmərinin istifadəyə verilməsi Azərbaycanın regional liderliyini nümayiş etdirir və dünya enerji bazarı üçün böyük əhəmiyyət kəsb edir. BTC layihəsinin həqiqətən dünya standartlarına tam cavab verdiyini söyləyən cənab Lezar dedi ki, bu, bizim şirkətin indiyədək iştirak etdiyi ən yüksək səviyyəli layihələrdən biridir.
Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsini tarixi hadisə adlandıraraq bildirdi ki, uzun illər bu layihə üzərində böyük iş getmiş və onun uğurla həyata keçirilməsinə nail olunmuşdur. İndi Azərbaycan öz neftini Bakı-Supsa, Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan kəmərləri ilə Avropa və dünya bazarlarına çıxarmaq üçün lazımi imkanlar qazanmışdır. BTC nadir infrastruktura malikdir və üç dənizi - Xəzər, Qara və Aralıq dənizlərini birləşdirir.