AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ MÜDAFİƏ NAZİRİNİN AVRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ CEYMS MAKDUQALIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Prezident sarayında ABŞ müdafiə nazirinin Avrasiya məsələləri üzrə müşaviri Ceyms MakDuqalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Vaşinqtona səfərini məmnuniyyətlə xatırlayaraq, səfəri zamanı Azərbaycan ilə ABŞ arasındakı əməkdaşlığın müxtəlif aspektləri üzrə geniş müzakirələrin aparıldığını qeyd etdi. Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini söylədi.
Ceyms MakDuqal Prezident İlham Əliyevin Vaşinqtona səfərinin uğurla keçdiyini bildirdi. Qonaq ABŞ ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın müvəffəqiyyətlə davam etdiyini vurğuladı. Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal mübarizədə ilk günlərdən ABŞ-ın tərəfdaşı olduğunu qeyd edən Ceyms MakDuqal bu sahədə ölkəsinə verilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.