AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN “AQO” QRUPUNUN SƏDRİ ROLAND VEGENERİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Prezident sarayında Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” qrupunun sədri Roland Vegenerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Roland Vegener Avropa Şurasının Azərbaycanda gedən proseslərə diqqət göstərdiyini vurğuladı. O, ölkəmizə əvvəlki səfərlərini məmnunluqla xatırladaraq, bu səfərlər zamanı olduqca maraqlı görüşlər keçirdiyini bildirdi. Azərbaycanda təkrar parlament seçkilərinə toxunan qonaq bu seçkilərin çox yaxşı səviyyədə keçdiyini qeyd etdi. Qrupun sədri Azərbaycanla Venesiya Komissiyası arasında seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı aparılan məsləhətləşmələri alqışladığını bildirdi.
Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.