AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BMT-NİN İQTİSADİ VƏ SOSİAL İŞLƏR DEPARTAMENTİNİNYARDIM VƏ ƏLAQƏLƏNDİRMƏ BÖLMƏSİNİN İCRAÇI KATİBİ SARBULAND XANI QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin yardım və əlaqələndirmə bölməsinin icraçı katibi Sarbuland Xanı qəbul etmişdir.
Vaxt tapıb onu qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən cənab Xan Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Azərbaycanın informasiya və telekommunikasiya sahəsindəki inkişafının baş katib tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
BMT nümayəndəsi dedi ki, onun rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən biri məşğul olduğu sahə üzrə ölkələr arasında dialoq yaratmaq və əlaqələrə istiqamət verməkdir. Qonaq dedi: “Cənab Prezident, biz bilirik ki, Azərbaycan Sizin fəal və uzaqgörən rəhbərliyiniz altında milli informasiya və kommunikasiya texnologiyaları strategiyasının hazırlanmasında inkişafa nail olmuşdur”.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanın salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev özünün də salamlarını ona çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev informasiya və kommunikasiya texnologiyalarının nəinki ölkəmizin, eləcə də bütün dünyanın gələcək inkişafında xüsusi rolu olduğunu bildirdi. Dövlətimizin başçısı ölkəmizin bu sahəyə böyük əhəmiyyət verdiyini, informasiya və kommunikasiya texnologiyaları ilə bağlı konkret layihələrimizin mövcud olduğunu vurğuladı.
Prezident İlham Əliyev dedi ki, biz Azərbaycanın bu sahədə dünyanın aparıcı ölkələrindən biri olmasını arzulayırıq.