AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “bp-AZƏRBAYCAN” ŞİRKƏTİNİN PREZİDENTİ DEVİD VUDVORDU VƏ “BTC Ko.” ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU MAYKL TAUNZENDİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Prezident sarayında “bp-Azərbaycan” şirkətinin prezidenti Devid Vudvordu və “BTC Ko.” şirkətinin baş icraçı direktoru Maykl Taunzendi qəbul etmişdir.
Devid Vudvord cənab Maykl Taunzendin Azərbaycanda fəaliyyətinin başa çatdığını xatırladaraq, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsində onun uğurlu işini vurğuladı.
Prezident İlham Əliyev Maykl Taunzendin xeyli müddətdir Azərbaycanda işlədiyini bildirərək dedi ki, o, möhtəşəm BTC layihəsinin həyata keçirilməsi sahəsində uğurla çalışmışdır. Maykl Taunzend ölkəmizdə gördüyü işlərə və BTC neft kəmərinin çəkilməsi ilə bağlı əldə edilmiş tarixi nailiyyətlərin iştirakçısı olduğuna görə fəxr edə bilər. Əminəm ki, o, Azərbaycanla əlaqələrini bundan sonra da uzun müddət saxlayacaqdır.
Dövlətimizin başçısı BTC layihəsinin həyata keçirilməsində xidmətlərinə görə Maykl Taunzendin “Şöhrət” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirdi və ordeni ona təqdim etdi.
Maykl Taunzend yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək dedi: Bu, mənim üçün böyük şərəfdir. Sizin qeyd etdiyiniz kimi, mən Azərbaycanda həyatımın ən gözəl illərini yaşadım və işlədim. Burada keçirdiyim illər xoş xatirə kimi qəlbimdə daim yaşayacaqdır. Cənab Prezident, Sizə bir daha dərin təşəkkürümü ifadə edirəm.