RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığını vurğuladı və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd etdi.
Səudiyyə Ərəbistanına səfərini və Kral Salman bin Əbdüləziz Əl Səudla görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ailəsi ilə birlikdə müqəddəs Kəbədə dua etmək üçün yaradılan yüksək şəraitə görə Səudiyyə Ərəbistanının Kralına minnətdarlığını ifadə etdi. Məkkədə, Mədinədə və Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatında olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın və İslam aləmində həmrəyliyin daha da möhkəmləndirilməsində bu səfərin önəmini qeyd etdi. Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun Azərbaycana səfərinə toxunan dövlətimizin başçısı bu səfərin ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, səfərin İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaradacağını dedi.