AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB-NİN ÜZVÜ OLAN DÖVLƏTLƏRİN TƏHLÜKƏSİZLİK VƏ XÜSUSİ XİDMƏT ORQANLARININ RƏHBƏRLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Prezident sarayında MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etmişdir.
Görüşdə MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyi vurğulandı.
Prezident İlham Əliyev dünyada beynəlxalq terrorizmin, narkotiklərin qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın vüsət aldığı indiki dövrdə tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin, operativ məlumat mübadiləsinin, məsləhətləşmələrin vacibliyini bildirdi. Dövlətimizin başçısı bu cür əməkdaşlığın sabitliyə, əmin-amanlığa, beynəlxalq təhlükəsizliyə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsinə hərtərəfli zəmin yaratdığını söylədi. Bu baxımdan Azərbaycanın MDB çərçivəsində də fəal mövqe tutduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin erməni terrorizmindən böyük ziyan çəkməsindən də danışdı. Dövlətimizin başçısı indi heç bir ölkənin beynəlxalq terrorizmlə təkbaşına mübarizə aparmaq iqtidarında olmadığını bildirdi, MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının növbəti iclasının Bakıda keçirilməsini Azərbaycanın bu sahədə tutduğu prinsipial mövqeyə verilən konkret qiymət kimi dəyərləndirdi. Prezident İlham Əliyev görüş iştirakçılarından MDB-nin dövlət başçılarına onun salamlarını və xoş arzularını çatdırmağı xahiş etdi.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri Nikolay Patruşev səmimi qəbula görə Azərbaycan Prezidentinə görüş iştirakçıları adından dərin minnətdarlığını bildirdi. O, Şuranın iclaslarında İspaniya, Danimarka, Fransa və Almaniyanın müşahidəçi qismində iştirak etdiklərini, almaniyalı təmsilçinin Bakıda keçirilən iclasın yüksək səviyyədə təşkilini xüsusi vurğuladığını söylədi. N.Patruşev dedi ki, məhz MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında səmərəli əməkdaşlıq sayəsində 5-7 ölkənin qurumlarının birgə əməliyyatlar həyata keçirməsi mümkün olmuşdur. O, Rusiya Prezidenti Vladimir Putinin və digər üzv dövlətlərin başçılarının salamlarını Azərbaycan Prezidentinə yetirdi, Şuranın növbəti iclasının gələn ilin mayında Sankt-Peterburqda keçiriləcəyini bildirdi.
Ətraflı fikir mübadiləsindən sonra qonaqlar görüşdən xatirə olaraq Prezident İlham Əliyevə hədiyyə təqdim etdilər. Səmimi söhbət zamanı dövlətimizin başçısı Azərbaycanda Rusiya İlinin də yüksək səviyyədə keçdiyini vurğuladı.
Görüşün sonunda xatirə şəkli çəkdirildi.