AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QARA DƏNİZ TİCARƏT VƏ İNKİŞAF BANKININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Prezident sarayında Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Hayrettin Kaplanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycana səfər etmələrindən çox şad olduqlarını bildirən və onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edən bankın prezidenti dedi ki, çox uğurlu görüşlər keçirmişik və bir sıra birgə layihələrimiz var.
Prezident İlham Əliyev nümayəndə heyəti ilə görüşdən şad olduğunu vurğulayaraq dedi ki, belə görüşlər gələcəkdə əlaqələrimizin daha da inkişaf etməsinə xidmət edir. Bu yaxınlarda Rumıniyada Qara dəniz forumunda iştirak etdik, bir cox məsələlər, xüsusilə Qara dəniz və Xəzər dənizi regionları arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Hazırda regional əməkdaşlıqla bağlı layihələrin, o cümlədən nəqliyyat, enerji layihələrinin xüsusi əhəmiyyəti olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, bunlar bizi daha da yaxınlaşdırır. Deyə bilərik ki, bu əməkdaşlıq uğurla həyata keçirilir, işbirliyimiz əməli xarakter daşıyır. Qara dəniz və Xəzər dənizi regionları artıq vahid region kimi qəbul edilir. Prezident İlham Əliyev vurğuladı ki, şübhəsiz, bu, regionda iqtisadi, siyasi vəziyyətə, təhlükəsizlik və sabitliyə təsir göstərə bilər. Sizin təmsil etdiyiniz xaqlarla gözəl münasibətlərimiz var.
Dövlətimizin başçısı daha sonra dedi ki, Azərbaycanda enerji, nəqliyyat və digər sahələrdə bir sıra layihələrin həyata keçirilməsi uğurla davam edir. Təbii ki, bu cür layihələrin maliyyə dəstəyinə ehtiyacı var. Müxtəlif ölkələr, onların şirkətləri əməkdaşlıqdan mənfəət əldə olunmasını görməlidir.