AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QƏTƏR DÖVLƏTİ SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ QƏRARGAH RƏİSİ GENERAL-POLKOVNİK HƏMƏD BİN ƏLİ ƏL-ATİYYƏNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Prezident sarayında Qətər dövləti Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-polkovnik Həməd Bin Əli əl-Atiyyənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı nümayəndə heyətinin respublikamıza səfərinin uğurlu və səmərəli olacağına, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini vurğuladı.
Qətər dövlətinə səfərini, orada Əmir şeyx Həməd bin Xəlifə Al Tani ilə və digər rəsmi şəxslərlə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladan Prezident İlham Əliyev həmin görüşlər və aparılmış danışıqlar zamanı Azərbaycan ilə Qətər dövləti arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələlərinin qarşılıqlı anlaşma şəraitində müzakirə edildiyini bildirdi. Rəsmi səfər zamanı Qətərdə respublikamızın səfirliyinin açılması barədə müzakirələr aparıldığını nəzərə çarpdıran dövlətimizin başçısı Doha şəhərində səfirliyin açılması barədə Azərbaycan rəhbərliyinin qərar qəbul etdiyini söylədi.
Cənab Atiyyə Qətər dövlətinin Əmiri əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taninin və vəliəhd şahzadə şeyx Təmim bin Həməd Al Taninin salamlarını və dərin ehtiramlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyevin Qətərə səfərindən sonra ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan qonaq dedi ki, əlahəzrət Əmir və vəliəhd şahzadə Azərbaycan ilə Qətər arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirirlər və mən onların tapşırığı ilə səfərə gəlmişəm. O, Azərbaycan Müdafiə Nazirliyi ilə uğurlu əməkdaşlığın və qarşılıqlı səfərlərin həyata keçirildiyini bildirdi.
Salamlara və dərin ehtirama görə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun da salamlarını, dərin ehtiramını Əmir əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə və vəliəhd şahzadə şeyx Təmim bin Həməd Al Taniyə çatdırmağı xahiş etdi.