AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA ELMLƏR AKADEMİYASININ VİTSE-PREZİDENTİ ALEKSANDR ANDREYEVİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Prezident sarayında Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Aleksandr Andreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları salamlayan və rusiyalı elm xadimlərinin Azərbaycana səfərini böyük hadisə kimi qiymətləndirən dövlətimizin başçısı Azərbaycan və Rusiya elmlər akademiyalarının uğurlu əməkdaşlıq etdyini vurğuladı. Sovet hakimiyyəti dağıldıqdan sonra elmi əlaqələrimizin kəsilmədiyini xatırladan Prezident İlham Əliyev dedi ki, bu əlaqələri daha da genişləndirmək, gücləndirmək lazımdır. Dövlətimizin başçısı Rusiya Elmlər Akademiyası nümayəndələrinin ölkəmizə səfərini bu istiqamətdə mühüm təşəbbüs kimi səciyyələndirdi. Prezident İlham Əliyev Rusiya ilə bütün istiqamətlərdə yüksək səviyyədə əlaqələr qurulduğunu, elm və təhsil sahəsində əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini bildirdi.
Rusiya elminin sürətlə inkişaf etdiyini, elm xadimlərinin dünyada məşhur olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanda elmin inkişafına yönəldilmiş konkret planların hazırlandığını, xüsusilə də elm adamlarının vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımların atıldığını bildirdi.
Qəbula görə təşəkkür edən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Aleksandr Andreyev Azərbaycan Prezidentinin elm sahəsinə diqqət və qayğı göstərməsi baxımından nümunəvi bir dövlət başçısı olduğunu vurğulayaraq, dövlətimizin başçısının özünün də alim olduğunu xatırlatdı.
Cənab Aleksandr Andreyev ölkələrimiz arasında elmi əlaqələrin uğurla davam etdirildiyini, mütəmadi olaraq təcrübə mübadiləsi aparıldığını bildirdi, Azərbaycanda rus dilinin itməməsini, gənclərin rus dilində sərbəst danışmasını xüsusi vurğuladı.