AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN İQTİSADİ İNKİŞAF VƏ TİCARƏT NAZİRİ QERMAN QREFİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Prezident sarayında Rusiyanın iqtisadi inkişaf və ticarət naziri Qerman Qrefi qəbul etmişdir.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən dövlətimizin başçısı Azərbaycan-Rusiya siyasi münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etdi. İqtisadi əlaqələrin dinamik surətdə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev dedi ki, ticarət dövriyyəsinin iki dəfə artması iqtisadi əməkdaşlığımızın inkişafının yaxşı göstəricisidir.
Azərbaycanda əlverişli iqtisadi mühitin olduğunu xatırladan dövlətimizin başçısı ölkələrimizin iqtisadi əlaqələrinin daha da dərinləşməsinin zəruriliyini nəzərə çarpdırdı. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, cənab Qerman Qrefin Bakıya səfəri ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edəcəkdir.
Rusiya Prezidenti Vladimir Putinin salamlarını Prezident İlham Əliyevə çatdıran, ölkələrimizin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq dövlət başçılarının dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını bildirdi.
Rusiya Prezidentinin salamlarına görə minnətdarlıq edən dövlətimizin başçısı onun da salamlarını cənab Vladimir Putinə çatdırmağı xahiş etdi.