AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN RABİTƏ VƏ NƏQLİYYAT NAZİRİ BİNƏLİ YILDIRIMIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Türkiyənin rabitə və nəqliyyat naziri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı oktyabrın 3-də Bakıda keçiriləcək beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının da əhəmiyyətini qeyd etdi.
Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xəttinin həm ölkələrimiz arasında əlaqələrin, həm də regional əməkdaşlığın genişləndirilməsi işində mühüm rol oynayacağını bildirən Prezident İlham Əliyev dedi ki, Azərbaycan bu əhəmiyyətli nəqliyyat xəttinin tikintisi üçün özünün maliyyə öhdəliyini yerinə yetirməyə hazırdır.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etməsindən məmnunluqla bəhs edən cənab Binəli Yıldırım Bakıda beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının keçirilməsinin böyük əhəmiyyət daşıdığını söylədi.
Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun region ölkələrinin qarşılıqlı surətdə faydalı əməkdaşlığında mühüm rol oynayacağını vurğulayan qonaq bu mühüm layihənin uğurla həyata keçirilməsinə Azərbaycanın xüsusi diqqət yetirməsinin Türkiyədə yüksək qiymətləndirildiyini bildirdi.