Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu müsabiqənin nəticələrini açıqlamışdır
Bakı, 22 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə bu ilin əvvəlində elan etdiyi birinci müsabiqənin nəticələri açıqlanmışdır.
Fondun icraçı direksiyasından AZƏRTAC-a bildirmişlər ki, müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsi üzrə keçirilmişdir. Yanvarın 12-dən fevralın 11-dək quruma 184 layihə daxil olmuş, Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilmişdir. Layihələrin texniki və elmi ekspertizası aparılmış, 29 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 155 layihə isə elmi ekspertizaya buraxılmışdır. Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil ekspertlər cəlb olunmuşlar. Elmi ekspertiza mərhələsinə keçmiş layihələrin siyahısı internet səhifəsində dərc olunmuş, elmi-ictimai müzakirəsi təşkil edilmişdir. EİF-nin Himayədarlar Şurasının iyulun 18-də keçirilən iclasında müsabiqə çərçivəsində 82 qalib layihə müəyyənləşdirilmişdir.
2011-ci il üçün birinci müsabiqə üzrə qalib layihələrin ümumi maliyyələşdirilməsinə 6 milyon 600 min manat vəsait ayrılmışdır. Layihələrin müsabiqədən keçməsi barədə EİF-nin qərarının qəbul edildiyi gündən - iyulun 19-dan etibarən üç ay ərzində fondun icraçı direksiyası ilə layihə rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanılacaqdır.