“AZƏRBAYCAN” QƏZETİ, 28 MAY 1919-CU İL
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetinin 28 may 1919-cu il tarixli nömrəsi professor Şirməmməd Hüseynovun transliterasiyasında çap edilmişdir. Azərbaycanın müstəqilliyinin bir illiyinə həsr olunmuş nömrənin manşetində bildirilir ki, bayram münasibətilə həmin gün “Dardanel” restoranında tədbir keçiriləcək, rumın orkestri çıxış edəcək, Asiya musiqisi ifa olunacaq, məşhur tarçalan Həsənin rəhbərliyi altında xanəndələr oxuyacaqlar.
Məlum olduğu kimi, Zaqafqaziya Seymi buraxıldıqdan sonra onun Azərbaycan fraksiyası 1918-ci il mayın 27-də Müvəqqəti Milli Şura yaratmışdı. Milli Şura mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyini elan edən “İstiqlal Bəyannaməsi”ni qəbul etmişdi. Bəyannamə, tariximizə Azərbaycanın dövlət müstəqilliyini elan edən sənəd və Azərbaycan Demokratik Respublikasının bütün fəaliyyətinin hüquqi əsaslarını özündə təsbit edən Konstitusiya aktı kimi daxil olmuşdur. İstiqlal Bəyannaməsi əsasında elan edilən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr tariximizin çox böyük siyasi hadisəsi idi. Bayram nömrəsinin birinci səhifəsində həmin bəyannamə və Azərbaycan Hökumətinin vətəndaşlara müraciəti dərc olunmuşdur. Azərbaycan Nazirlər Şurasının rəisi və daxiliyyə naziri Nəsibbəy Yusifbəylinin imzası ilə dərc olunmuş müraciətdə mayın 28-nin Azərbaycan Cümhuriyyətinin milli bayramı olduğu xatırladılır və vurğulanır: “Öylə bir bayram ki, onun xatiri ümum Azərbaycan vətəndaşları üçün daima möhtərəm və müqəddəs sayılacaqdır”.
Birinci səhifədə Şeyxülislam Axund Ağa Ağaəlizadənin “İstiqlaliyyət” düşüncələri də verilmişdir.
İkinci səhifədə M.Ə.Rəsulzadənin “Nə boyük bayram!”, Üzeyir Hacıbəylinin “Bir yaş”, İbrahim Xəlilin “Şərəfli bayram”, Fərhad Ağazadənin “Türk şüərası və istiqlal”, üçüncü səhifədə Əliabbas Müznibin “Azərbaycan istiqlalı” məqalələri dərc edilmişdir. Materiallar “Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti!” və “Yaşasın təyini-müqəddərat hüququ!” şüarları altında verilmişdir.
Sonrakı səhifələrdə oxuculara “Böyük bir gün”, “Gənc nəslə”, “Yanar dağ” və başqa materiallar təqdim olunmuşdur. Sonuncu - altıncı səhifədə “Var olsun hürriyyət və istiqlal, qəhr olsun düşmənlər!” şüarı altında deputatlar məclisinin 25 may 1919-cu il tarixli iclasının stenoqramı verilmişdir.
Nəşrin redaktoru professor Şamil Vəliyev, sponsoru “Təfəkkür” Universiteti, layihəni həyata keçirən isə “525-ci qəzet”dir.
