İDMAN
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov “Tal memorialı” turnirində iştirak edir
Bakı, 7 iyun (AZƏRTAC). Moskvada Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun iştirakı ilə qrossmeysterlərin ənənəvi dairəvi “Tal memorialı” superturniri start götürür.
AZƏRTAC xəbər verir ki, turnirdə FİDE-nin reytinq siyahısında liderlik edən Maqnus Karlsen (Norveç, 2835), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2801), iddiaçıların qarşıdakı turnirinin iştirakçıları Teymur Rəcəbov (Azərbaycan, 2784) və Aleksandr Qrişşuk (Rusiya, 2761), dünya üzrə ilk onluğun nümayəndələri Hikaru Nakamura (ABŞ, 2775), Fabiano Karuana (İtaliya 2770) və Aleksandr Morozeviç (Rusiya, 2769), 2009-cu ilin Avropa çempionu Yevgeni Tomaşevski (Rusiya, 2738), habelə Rusiya Şahmat Federasiyasının saytında tamaşaçı səsverməsində qələbə sayəsində bu turnirə düşmüş Lyuk Makşeyn (İngiltərə, 2706) iştirak edir.
Püşkatma mərasimi ayrıca mükafat fondu 15.000 avroya bərabər olan blits-turnir formatında keçiriləcəkdir.
Pul mükafatları aşağıdakı qaydada bölüşdürüləcəkdir: 1-ci yer – 5.000 avro, 2-ci yer – 3.000 avro, 3-cü yer – 2.000 avro, 4-cü yer – 1.500 avro, 5-ci yer – 1.000 avro, 6-cı yer – 700 avro, 7-ci yer – 600 avro, 8-ci yer – 500 avro, 9-cu yer – 400 avro, 10-cu yer – 300 avro.
Nəzarət vaxtı – partiyanın sonuna qədər 3 dəqiqə, üstəgəl birinci gedişdən başlayaraq hər gediş üçün 2 saniyə. Blits-turnirin iştirakçıları 1 may 2012-ci il tarixinə ELO reytinqinə müvafiq start nömrələri alırlar.
Blits-turnirdə iki və ya daha çox iştirakçı eyni sayda xal toplamış olduqda yerlər əhəmiyyətin azalması ardıcıllığında əlavə göstəricilər üzrə təyin edilir: qara rəngli fiqurlarla oynanılmış partiyaların sayı; qələbələrin sayı; şəxsi görüşün nəticəsi; Koyya əmsalı; Zonneborn-Berger əmsalı. Klassik vaxt nəzarəti rejimində keçirilən turnirdə qrossmeysterlərin start nömrələri onların blits-turnirdə tutduğu yerlərə uyğun olacaqdır.