Azərbaycan reallıqlarının dünya birliyinə çatdırılması üzrə layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Beynəlxalq Mətbuat Mərkəzində “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin Azərbaycan reallıqlarının dünya birliyinə çatdırılması üzrə layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
AZƏRTAC xəbər veri ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının, habelə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğul və qızlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
İctimai birliyin rəhbəri Səriyyə Müslümqızı fevralın 21-26-da Almaniyanın iri şəhərlərində keçirilən etiraz aksiyaları barədə məlumat vermişdir. Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilati dəstəyi ilə Berlində Brandenburq darvazası qarşısında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilmişdir. Nürnberq şəhərinin və digər şəhərlərin mərkəzi meydanlarında da belə aksiyalar keçirilmişdir. S.Müslümqızı demişdir: “Aksiyalar zamanı cəmiyyət Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə məlumatlandırılmış, Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsi barədə alman və ingilis dillərində informasiya bukletləri paylanmışdır. Aksiyalarda Milli Məclisin deputatları, Drezden “AlmAz” Cəmiyyətinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin, Avropa Azərbaycanlıları Konqresinin, Azərbaycan və Türkiyə diasporlarının üzvləri iştirak etmişlər.
Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Milli elmlər Akademiyasınını A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağın tarixi şöbəsinin müdiri Qasım Hacıyev və başqaları Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın xidmətlərini xüsusi vurğulamışlar. Bu fəaliyyət sayəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir çox ölkələr Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımışlar.