AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN BİRGƏ İSTİNTAQ-ƏMƏLİYYAT QRUPUNUN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ MÜRACİƏTİ
Xəbər verildiyi kimi, 13 mart 2002-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi, baş ədliyyə müşaviri Rövşən Əliyev vəhşicəsinə qətlə yetirilmişdir.
Faktla əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaqın aparılması prokurorluğun, eləcə də daxili işlər orqanlarının kifayət qədər təcrübəsi və bacarığı olan əməkdaşlarına tapşırılmışdır. BU qətlin xüsusatlarının İstintaq-əməliyyat qrupu tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılması, cinayətin iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunması üçün bütün imkanlar səfərbər ediləcəkdir.
Bununla belə, bəzi televiziya kanalları və dövri mətbuat əməkdaşları Azərbaycanda söz və mətbuat azadlığı üçün yaradılmış şəraitdən, “kütləvi informasiya vasitələri haqqında” Qanunla verilmiş hüquqlardan sui-istifadə edərək törədilmiş ağır cinayət hadisəsi, onun səbəbləri, cinayətin icraçı və təşkilatçıları barədə obyektiv reallıqdan uzaq heç bir fakta əsaslanmayan yalan fərziyyə və mülahizələr irəli sürür, ictimai rəyi çaşdırmaq, hüquq-mühafizə orqanlarının əməkdaşlarını bir-birinə qarşı qoymaq məqsədi güdən sensasiya xarakterli, bir çox hallarda qərəzli, mərhumun şəxsiyyətinə, zərər çəkmiş şəxslərin heysiyyatına toxunan, onların hüquqlarını pozan məlumatlar yayırlar. Bu isə obyektiv həqiqətin üzə çıxarılmasına mənfi təsir göstərir.
Birgə istintaq-əməliyyat qrupu birtərəfli və qərəzli məlumatların yayılmasını birmənalı olaraq çirkin siyasi oyunların nəticəsi və ağır cinayət hadisəsi üzrə istintaqın obyektiv gedişinə mənfi təsir göstərməyə cəhd kimi qiymətləndirərək, kütləvi informasiya vasitələrini belə hallara son qoymağa çağırır. Əks təqdirdə, bu halların qarşısının alınması üçün qanunla nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.
İnanmaq istərdik ki, müraciətimiz həm respublika ictimaiyyəti, həm də kütləvi informasiya vasitələri tərəfindən düzgün qiymətləndiriləcəkdir.
Biz isə öz tərəfimizdən ictimaiyyəti əmin edirik ki, bu cinayət işi üzrə ibtidai istintaq sirrinin qorunması çərçivəsində kütləvi informasiya vasitələrinə vaxtaşırı zəruri məlumatlar veriləcəkdir.
Azərbaycan Respublikası Baş Prokurorluğu
və Daxili İşlər Nazirliyinin birgə istintaq- əməliyyat qrupu.