İQTİSADİYYAT
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üzrə büdcə gəlirləri 13 600,5 milyon manata çatmışdır
Bakı, 28 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2013-cü ildəki büdcə gəlirləri 13 600,5 milyon manat, xərcləri isə 12 302,7 milyon manat olmuşdur.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü il ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 119,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 13 108,0 milyon manat, akrhesabı ödənişlər 1,8 milyon manat, tranzit gəlirləri 8,1 milyon manat, bonus ödənişləri 1,9 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 480,6 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 43,0 milyon manat təşkil etmişdir.
Hesabat dövründə Fondun 2013-cü il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 milyon manat vəsait ayrılmışdır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 25,7 milyon manat vəsait ayrılmışdır. Hesabat dövründə 33,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir. Fond tərəfindən Türkiyədəki “Star” neft emalı kompleksinin tikintisinə 372,6 milyon manat vəsait yönəldilmişdir. 2013-cü il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 47,5 milyon manat təşkil etmişdir.
2014-cü il yanvarın 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 5,1 faiz artaraq 35 877,5 milyon ABŞ dollarına bərabər olmuşdur.
2012-ci ildən etibarən ARDNF qızılın alınmasına başlamışdır və 2014-cü il yanvarın 1-nə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kiloqrama (970 146 troya unsiyası) çatmışdır.