Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində
“Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxsin
NİZAMNAMƏSİ

Azərbaycan Republikası Nazirlər Kabinetinin
2024-cü il “ 4 ” noyabr tarixli
472 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” (bundan sonra - Mərkəz) Azərbaycan Respublikasında turizm və rekreasiya zonalarının (bundan sonra - Zonalar) fəaliyyətinin təşkili, onların idarə olunması və inkişaf etdirilməsi sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni, Agentliyin normativ hüquqi aktlarını, digər normativ hüquqi aktları, o cümlədən Agentliyin sədrinin əmr və sərəncamlarını rəhbər tutur.

1.3. Mərkəz öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 171 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”nə (bundan sonra – Nümunəvi Əsasnamə) uyğun olaraq təşkil edir.

1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Mərkəzin müstəqil balansı, əmlakı və bank hesabları, üzərində öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Mərkəzin rəsmi adı aşağıdakı kimidir:

tam halda - Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi, qısaldılmış halda – TZİM.

1.9. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin fəaliyyətinin istiqamətləri

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Zonaların fəaliyyətinin təşkili, idarə olunması, inkişafı və təşviqi ilə bağlı tədbirlər görmək;

2.1.2. Zonaların rezidentlərinin və qeyri-rezidentlərinin fəaliyyətinin Nümunəvi Əsasnamənin tələblərinə uyğun təşkili ilə bağlı tədbirlər görmək;

2.1.3. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

2.1.4. müvafiq sahədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq;

2.1.5. Nümunəvi Əsasnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.3. Zonaların rezidentlərinin və qeyri-rezidentlərinin qeydiyyatını (reyestrini) aparmaq;

3.1.4. Zonaların idarə olunmasına operatorun cəlb edilməsi üçün müsabiqə təşkil etmək, operatoru seçmək, onunla idarəetmə sazişi bağlamaq və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;

3.1.5. Zonaların illik (çoxillik) fəaliyyət planını hazırlamaq və təsdiq üçün Agentliyə təqdim etmək;

3.1.6. Zonaların fəaliyyəti və inkişafı barədə yarımillik hesabatı, o cümlədən özünün illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə Agentliyə təqdim etmək;

3.1.7. turizm mərkəzlərinin planlaşdırılmasına və infrastruktur obyektlərinə olan ehtiyacına dair Agentliyə təkliflər vermək;

3.1.8. Zonaların rezidentləri və qeyri-rezidentləri ilə müqavilələr bağlamaq, müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görmək;

3.1.9. Zonaların rezidentlərinin və qeyri-rezidentlərinin fəaliyyəti haqqında hesabat və statistik məlumatlar almaq, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.10. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.11. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.12. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.13. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.14. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.15. Mərkəzə ayrılan kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.16. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.17. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.18. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.19. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.20. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.21. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. Zonaların fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, habelə bu sahədə idarəetmənin yaxşılaşdırılması məqsədilə Agentliyə təkliflər vermək;

3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.5. Zonaların yaradılmasına, bununla bağlı investisiya qoyuluşuna (investisiyanın məqsədəuyğunluğu, səmərəliliyi və s.) dair təhlillər aparmaq və Agentliyə müvafiq təkliflər vermək;

3.2.6. turizm mərkəzlərinin infrastrukturuna xidmət göstərilməsinə, onun fəaliyyətinin təmin edilməsinə, cari və əsaslı təmirinin həyata keçirilməsinə dəstək vermək;

3.2.7. turizm mərkəzlərində dövlət mülkiyyətində olan torpaq sahələrini qanunvericiliyə uyğun olaraq Zonanın rezidentlərinə və qeyri-rezidentlərinə icarəyə vermək;

3.2.8. Zonaların rezidentləri və qeyri-rezidentləri, habelə dövlət və yerli özünüidarəetmə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərmək;

3.2.9. aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən Zonanın rezidentlərinin və qeyri-rezidentlərinin fəaliyyəti ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılan yoxlamalarda rezidentlərin və qeyri-rezidentlərin dəvəti ilə iştirak etmək;

3.2.10. Zonaların rezidentləri və qeyri-rezidentləri, habelə onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək etmək;

3.2.11. Zonalarda ofis, konsaltinq, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, texniki dəstək, təşviqat xidmətlərinin və Zonalarda səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsini təşkil etmək;

3.2.12. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, Nümunəvi Əsasnaməyə və bu Nizamnaməyə əməl edilməsi ilə bağlı Zonaların rezidentlərinə və qeyri-rezidentlərinə kömək göstərmək;

3.2.13. Zonaların fəaliyyətini təşviq etmək, onların inkişafı üçün investorların cəlb edilməsi ilə bağlı tədbirlər görmək;

3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.15. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.16. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.17. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.18. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.19. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.20. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.21. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası (bundan sonra - Şura) və İcraçı direktordur.

4.3. Şura Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.5. Bu Nizamnamə ilə müəyyən edilən hallar istisna olmaqla, Mərkəzin fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul etməkdə Şura müstəqildir.

4.6. Şura sədr və onun iki müavini daxil olmaqla, 5 (beş) üzvdən ibarətdir. Şuranın üzvlərini Agentliyin sədri vəzifəyə təyin və vəzifədən azad edir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Agentliyə təkliflər vermək və sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. Mərkəzin strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;

4.7.4. Mərkəzin əldə etdiyi vəsait hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. Agentliyin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.7. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.10. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.13. Mərkəzdə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.14. Agentliyin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4.8. Şuranın sədri ildə ən azı iki dəfə olmaqla Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa ən azı 3 (üç) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavinlərindən biri, Şura sədrinin müavinləri olmadıqda isə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.18. Şuranın üzvləri:

4.18.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.18.5. Şuranın qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.20. Mərkəzin inkişaf istiqamətləri Agentlik tərəfindən müəyyən edilir.

4.21. Mərkəzin strukturu, əməyin ödənişi fondu, işçilərin say həddi və onların əməkhaqlarının məbləği (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) Agentlik tərəfindən təsdiq edilir.

4.22. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktoru Şura vəzifəyə təyin və vəzifədən azad edir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

4.23. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.24. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavinlərindən biri icra edir.

4.25. İcraçı direktorun vəzifələri aşağıdakılardır:

4.25.1. Mərkəzin fəaliyyətini təşkil etmək;

4.25.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.25.3. Şuranın qərarlarını icra etmək;

4.25.4. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.25.5. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.25.6. bu Nizamnamənin 3.1.15-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.25.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.25.8. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.25.9. Mərkəzin cari fəaliyyətinə rəhbərlik etmək və onu təmsil etmək;

4.25.10. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;

4.25.11. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və bunlara nəzarəti həyata keçirmək;

4.25.12. özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.25.13. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini, gəlir və xərclər smetasını təsdiq etmək;

4.25.14. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;

4.25.15. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;

4.25.16. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;

4.25.17. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;

4.25.18. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;

4.25.19. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

4.25.20. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;

4.25.21. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

4.25.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin nizamnamə fondunun məbləği 1 000 000 (bir milyon) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.6. Mərkəzin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Agentlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura və İcraçı direktor həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim olunur.

7. Mərkəzdə uçot və hesabat

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Mərkəzin ləğvi və yenidən təşkili

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin