RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211, № 5, maddə 658; 2016, № 8, maddə 1456, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2021, № 12, maddə 1542; 2022, № 8, maddələr 973, 979, 1020; 2023, № 5, maddə 729) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:
“3.4-1. Bu Qaydanın 3.4-cü bəndində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsdən tələb edilmir. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”.
2. 3.6-cı bəndə “sənədlər” sözündən sonra “(bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 oktyabr 2023-cü il
№ 351