RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 802 (Cild I) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na aşağıdakı məzmunda 9-11-ci hissələr əlavə edilsin:
“9. Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı aşağıdakı qaydada müəyyənləşdirilir:
9.1. eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - 8 nəfər;
9.2. eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün - 10 nəfər;
9.3. nitq pozuntuları olan şəxslər üçün - 12 nəfər;
9.4. görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün - 12 nəfər;
9.5. əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olan şəxslər üçün - 10 nəfər;
9.6. emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün - 12 nəfər;
9.7. dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olan şəxslər üçün - 10 nəfər;
9.8. xroniki somatik xəstəlikləri olan şəxslər üçün - 10 nəfər;
9.9. mürəkkəb çatışmazlıqları olan şəxslər üçün - 6 nəfər.
10. Əqli geriliyi və ya fiziki çatışmazlığı olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla komplektləşdirilir.
11. Ümumi təhsil müəssisələrində təşkil edilən inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 sentyabr 2024-cü il
№ 424