Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 887 (Cild I) ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.3-cü yarımbənd üzrə:

1.1. “hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs)” sözlərindən sonra “və ya digər qanuni nümayəndələri” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin:

“5. ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;”.

2. 3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6–3.2.8-ci yarımbəndlər əlavə edilsin:

“3.2.6. ailə başçısını itirməyə görə sosial müavinət alanlar;

3.2.7. bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslər;

3.2.8. bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdud-laşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydanın 3.2.3-cü yarımbəndində qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər.”.

3. 5.2-ci bənddə “, övladlığa götürənləri və ya himayəçisi” sözləri “və ya digər qanuni nümayəndələri” sözləri ilə əvəz edilsin.

4. 5.2.1-ci yarımbənddə “, övladlığa götürənlər və ya himayəçi” sözləri “və ya digər qanuni nümayəndələr” sözləri ilə əvəz edilsin.

5. 7.5-ci bənddə “və 7.4-cü” sözləri “, 7.4-cü və 7.5-1-ci” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 7.5-1-ci bənd əlavə edilsin:

“7.5-1. TTK-nin qaytarılması zamanı bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə aşağıdakı qaydada həyata keçirilir:

7.5-1.1. borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri (yarımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin məsul şəxsi gücləndirilmiş elektron imza ilə təsdiqləyir;

7.5-1.2. Fond elektron sistem vasitəsilə əldə etdiyi məlumatları nəzərdən keçirərək 3 (üç) iş günü müddətində bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemə ötürülür və tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir;

7.5-1.3. müvəkkil bank bu Qaydanın 7.5-1.2-ci yarımbəndində qeyd olunan məlumatları elektron sistem vasitəsilə əldə etdikdən sonra 3 (üç) iş günü müddətində borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər elektron sistemə ötürülür.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 may 2024-cü il

№ 250

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin