Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.10-cu bənddə “20 ildən” sözləri “25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:

“5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:

5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;

5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış.”.

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 9 iyul 2024-cü il

№ 331

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin