RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdiril-məsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 iyun tarixli 79 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1367 (Cild I); 2024, № 3, maddə 312) ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın 3.2-ci və 3.3-cü bəndləri aşağıdakı redaksiyada verilsin:
“3.2. Aktiv istehlakçıların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” ilə tənzimlənir.
3.3. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 6 sentyabr 2024-cü il
№ 401