Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş I Əlavədə - “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş I Əlavədə - “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissəyə “Meşələrin inkişafı departamenti” sözlərindən sonra “, onun regional və yerli bölmələri” sözləri əlavə edilsin;

1.2. 6-cı hissəyə “Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti” sözlərindən sonra “, o cümlədən milli parkların mühafizə və ekoturizm bölmələri, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının mühafizə bölmələri” sözləri əlavə edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin regional və yerli bölmələrinin və Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin tabeliyindəki milli parkların mühafizə və ekoturizm bölmələrinin, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqlarının mühafizə bölmələrinin formalaşdırılması hazırda Meşələrin inkişafı departamentinin meşə mühafizəsi, bərpası və meşəsalma müəssisələrində və Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin tabeliyindəki milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqlarında dövlət tənzimlənməsi və dövlət nəzarəti funksiyalarını yerinə yetirən mövcud vəzifələr hesabına həyata keçirilir.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

3.1. bir ay müddətində Meşələrin inkişafı departamentinin və Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin strukturlarında müvafiq dəyişikliklər etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin