Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1368; 2017, № 7, maddə 1372; 2020, № 2, maddə 107, № 7, maddə 868; 2021, № 2, maddə 126; 2023, № 3, maddə 350) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 5.3-1-ci bənd əlavə edilsin:

“5.3-1. Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir.”.

2. 5.8-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Nizamnamənin 5.3-1-ci bəndində göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin