Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 78 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissə üzrə:

1.1. 5.2-ci bəndin dördüncü cümləsi çıxarılsın;

1.2. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.4. Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 7 iş günü müddətində müraciət edən şəxs yaşayış sahəsini seçir və yaşayış sahəsi onun tərəfindən seçildiyi gündən 7 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilir.”;

1.3. 5.6-cı bənddə “müddətə” sözü “müddətlərə” sözü ilə əvəz edilsin;

1.4. 5.7-ci bəndə “5.2-ci” sözlərindən sonra “, 5.4-cü” sözləri əlavə edilsin.

2. 9-cu hissə üzrə:

2.1. 9.3-cü bəndin birinci abzasında “verir” sözü “verilməsi ilə bağlı tədbirlərə başlayır” sözləri ilə əvəz edilsin;

2.2. 9.5-ci bəndə “verilməsi” sözündən sonra “ilə bağlı tədbirlərə başlanılması” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 9.6-cı bənd əlavə edilsin:

“9.6. Bu Qaydanın 9.3.3-cü yarımbəndində müəyyən edilən əsasla Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək (məhkəməyə müraciət edildiyi halda – məhkəmə qətnaməsi çıxarılanadək) tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini (məhkəməyə müraciət edildiyi halda – barışıq sazişi bağlamaqla) davam etdirir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyun 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin