Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının təsdiq edilməsi haqqında

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları" (əlavə olunur) təsdiq edilsin.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,23 oktyabr 2003 -cü il

Azərbaycan Respublikası Prezidentinin

2003 -cü il " 23 " oktyabr tarixli 974 nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

Yerin təkindən, dəniz dibi sahələrindən və

akvatoriyasından istifadəyə görə ödənişlərin alınması

Q A Y D A L A R I

1. Bu Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması qaydalarını və şərtlərini, eləcə də ödənilən haqqın miqdarını və onun təyin olunması meyarlarını müəyyən edir.

2. Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərə faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və istismarına görə ödənişlər daxildir. Ödənişlər Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ödənilir.

3. Faydalı qazıntıların çıxarılmasına görə ödənişlər "Mədən vergisi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilir. Faydalı qazıntıların çıxarılması üçün verilmiş dağ-mədən ayırmasının sərhədlərində istifadəçidən faydalı qazıntının kəşfiyyatına görə ödəniş alınmır.

4. Bu Qaydaların icrası mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün yer təki istifadəçiləri üçün məcburidir.

5. Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlər istifadənin növlərindən asılı olaraq pul ödənişləri, çıxarılan mineral-xammalın və ya istifadəçi tərəfindən istehsal olunan digər məhsulların bir hissəsi, xidmət göstərilməsi formalarında ola bilər. Ödənişlərin formasını öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi müəyyən edir.

6. Faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsinə görə haqqın miqdarı faydalı qazıntının növündən, rayonun iqtisadi-coğrafi şəraitindən asılı olaraq görüləcək işlərin dəyərinin 1-2 faizini təşkil etməklə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

7. Faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsi işlərinin aparılmasına görə ödənişlərin miqdarı sahənin hər kvadrat kilometrinə görə və hər il üçün müəyyən edilir. Sahənin 1 kvadrat kilometrinə görə illik ödənişlər ümumi ödəniş normasını (işlərin ümumi dəyərinin 1-2 faizini) ayrılmış ərazinin sahəsinə və işin müddətinə bölməklə hesablanır.

Yer təki istifadəçisi tərəfindən axtarış və qiymətləndirmə işləri aparılmış sahənin bir hissəsi geri qaytarıldıqda o, həmin sahəyə görə sonrakı ödənişlərdən azad edilir.

8. Faydalı qazıntı yataqlarının kəşfiyyatına görə ödənişlərin alınması şərtləri eynilə axtarış işlərində olduğu kimidir. Kəşfiyyata görə haqqın miqdarı görüləcək işlərin dəyərinin 3-5 faizini təşkil etməklə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

9. Axtarış və kəşfiyyat işlərinin başa çatdırılması üçün yerin təkindən istifadə müddəti uzadıldıqda, əvvəlcə müəyyən edilmiş ödənişin miqdarı 1,5 dəfə artırılır. Axtarış və kəşfiyyat işləri başa çatdıqdan sonra ödənişlərin miqdarı işlərin faktiki dəyəri nəzərə alınmaqla, vergi orqanları tərəfindən yenidən hesablanır.

10. Axtarış və kəşfiyyat işləri ilə yanaşı faydalı qazıntının hasilatı aparıldığı halda, həmin faydalı qazıntının çıxarılmasına görə ödənişlər "Mədən vergisi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilir.

11. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədi ilə yerin təkindən istifadəyə görə ödənişlərin miqdarı istifadəyə verilən yer təkinin hüdudlarının ölcülərindən, faydalılığından, ondan istifadə zamanı ekoloji tarazlığın pozulma təhlükəsinin səviyyəsindən və dağ-texniki şəraitindən asılı olaraq, görüləcək işlərin və onun istismarı zamanı göstərilən xidmətlərin dəyərinin 1-3 faizini təşkil etməklə, Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən müəyyən edilir. Ödənişlər qurğuların maya dəyərinə daxil edilir.

12. Dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqqının miqdarı sahənin yerləşməsindən və konfiqurasiyasından, su qatının qalınlığından, dəniz dibinin təkindən istifadənin məqsədlərindən asılı olaraq bu Qaydaların 6-11-ci bəndlərinə uyğun müəyyən edilir.

13. Dağ-mədən işləri ilə əlaqədar istehsalat tullantılarından istifadəyə görə ödənişlərin miqdarı müvafiq faydalı qazıntının hasilatına görə ödənişin (mədən vergisi) 50 faizi miqdarında olmaqla, ayrıca xüsusi razılıqla (lisenziya) müəyyən olunur.

14. Yerin təkindən istifadəyə görə ödənişlərdə istisnalar aşağıdakı hallarda tətbiq edilir:

- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və ya icarəyə götürülmüş torpaq sahəsində öz ehtiyaclarının ödənilməsi üçün müəyyən olunmuş qaydada ümumi yayılmış faydalı qazıntılar (5 m dərinliyədək) və təzyiqsiz yeraltı sular hasil edildikdə;

- yer təkinin öyrənilməsinə dair elmi tədqiqat və dövlət proqramları ilə aparılan geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, mühəndis - geoloji araşdırmalar, geoekoloji tədqiqatlar, yeraltı suların rejiminə və balansına nəzarət, eləcə də yerin təkinin bütövlüyünü pozmamaqla görülən digər işlər elmi, mədəni, estetik, müalicə - sağlamlıq əhəmiyyətinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması üçün işlər aparıldıqda.

Mürəkkəb dağ-mədən-geoloji şəraitdə yerləşən, yaxud aşağı keyfiyyətə malik, o cümlədən çətin çıxarılan, kondisiyaya uyğun olmayan, faydalı qazıntıların əvvəl dövlət balansından silinmiş ehtiyatlarını saxlayan yataqların istifadə edilməsini, örtük və yan süxurlardan, dağ-mədən və onunla əlaqədar emal istehsalatının tullantılarından istifadəni, eləcə də əsas və yanaşı komponentlərin istehsalını, ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqini həvəsləndirmək məqsədilə yer təkinin istifadəçiləri yerin təkindən istifadəyə görə ödənişlərdən qismən azad oluna bilərlər.

15. Yer təki istifadəçilərinə aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqlarının istismarına görə güzəştlər aşağıdakı hallarda verilir:

kəşf edilmiş ehtiyatların səmərəli istifadəsi qaydasının pozulması ilə əlaqədar olmayan və nadir faydalı qazıntılar aşağı iqtisadi səmərəlik şəraitində çıxarılarsa;

yatağın zəngin sahələrinin seçmə üsulu ilə işlədilməsi nəticəsində faydalı qazıntının keyfiyyətinin pisləşməsi halları istisna edilməklə aşağı keyfiyyətli qalıq ehtiyatlardan faydalı qazıntı hasil edilərsə.

16. Yerin təkindən istifadəyə görə ödənişlərdə istisnalar və güzəştlərin müəyyən edilməsi haqqında qərar Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin rəyi nəzərə alınmaqla, yer təki istifadəçisinin təqdim etdiyi geoloji-iqtisadi, dağ-texniki və texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin