Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası və Qırğız Respublikası arasında 2012-ci il martın 30-da Bakı şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası və Qırğız Respublikası arasında 2012-ci il martın 30-da Bakı şəhərində imzalanmış aşağıdakı sazişlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Qırğız Respublikası Hökuməti yanında Narkotiklərə Nəzarət üzrə Dövlət Xidməti arasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin