AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞUNDA AŞPA-NIN HƏMMƏRUZƏÇİSİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 20-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi xanım Yevgeniya Jivkova ilə Baş Prokurorluqda görüş olmuşdur.
Baş prokurorun 1-ci müavini Rüstəm Usubov diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin yüksək sürətli iqtisadi inkişafı dövlətimizin qarşısında duran problemlərin həllinə etibarlı zəmin yaratmışdır. Azərbaycanın dünyaya inteqrasiyası sürətlənmiş, beynəlxalq təşkilatlarla, xüsusən də Avropa Şurası ilə əməkdaşlığın səmərəsi artmış, ölkəmizin bu nüfuzlu təşkilat qarşısında götürdüyü öhdəliklər müvəffəqiyyətlə icra edilir.
Prokurorluq orqanlarında həyata keçirilən tədbirlərə toxunan Rüstəm Usubov işə qəbulun 2002-ci ildən başlayaraq test üsulu ilə həyata keçirildiyini, hüquq sahəsində səmərəli əməkdaşlığın davamı olaraq Avropa Şurasının təşkilatçılığı ilə prokurorluq əməkdaşları üçün təlimlərin aparıldığını, prokurorluğun bir qrup əməkdaşının Strasburq şəhərində Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində tədris turunda iştirak etdiyini, vətəndaşların müraciətlərinin operativ qəbul və həll edilməsi məqsədi ilə “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyət göstərdiyini, “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi” layihəsinin Avropa Şurasında ekspertizadan keçərək qəbul edildiyini söyləmişdir.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini ardıcıllıqla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın və onun həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planının korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaratdığını bildirən baş prokurorun 1-ci müavini, bu təhlükəli təzahürə qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verildiyini qeyd etmişdir. Müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi, o cümlədən milli qanunvericiliyin beynəlxalq konvensiyalarla uzlaşdırılması, ümumilikdə, dövlət idarəçiliyi sistemində şəffaflığın artırılması korrupsiya ilə mübarizə üzrə görülən tədbirlər sırasında sadalanmışdır.
Qonağın konkret cinayət işləri üzrə sualları cavablandırılaraq heç bir jurnalistin peşə fəaliyyəti ilə əlaqədar məsuliyyətə cəlb edilmədiyi, jurnalistlərin cinayət məsuliyyətinə cəlb edilməsinin söz və mətbuat azadlığının pozulması ilə deyil, konkret cinayət işləri ilə əlaqədar olduğu qeyd edilmişdir. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma barədə cinayət xarakterli hər bir məlumatın xüsusi nəzarətə götürüldüyü, onların araşdırılmasının, qanuni və ədalətli qərarlar qəbul edilməsinin təmin olunduğu bildirilmişdir. Eyni zamanda baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Səmimi qəbula görə münnətdarlığını bildirən xanım Yevgeniya Jivkova Azərbaycan Respublikası ilə Avropa Şurası arasında münasibətlərin daha da inkişaf etdirilməsinin demokratik cəmiyyət quruculuğuna öz töhfəsini verəcəyinə inam ifadə edərək, əməkdaşlıq əlaqələrinin bundan sonra da genişləndirilməsinin xüsusi əhəmiyyətini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran diğər məsələlərə dair müzakirələr aparılmışdır.