Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2023-cü il 24 iyul tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) məktəbəqədər və ümumi təhsil sahələrində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin (bundan sonra - təhsil müəssisləri) fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. müvafiq sahədə normativ hüquqi bazanın formalaşdırılmasında iştirak etmək;

2.1.4. təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlər görmək;

2.1.5. təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadəni təmin etmək;

2.1.6. təhsil proqramları vasitəsilə təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və səriştələrin aşılanmasını, onların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanmasını təmin etmək;

2.1.7. təhsilverənlərin peşəkarlığının davamlı şəkildə artırılması işini təşkil etmək;

2.1.8. təhsilalanların milli-mənəvi dəyərlər, vətənpərvərlik və azərbaycançılıq ideyaları ruhunda tərbiyə olunması istiqamətində tədbirlər görmək;

2.1.9. müvafiq sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək.

3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək;

3.1.2. müvafiq sahədə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların layihələrinin hazırlanmasında iştirak etmək və onların həyata keçirilməsini təmin etmək;

3.1.3. təhsil müəssisələrində beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitinin yaradılması üçün tədbirlər görmək;

3.1.4. məktəbəqədər və ümumi təhsilin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələri həyata keçirmək;

3.1.5. təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrini həyata keçirmək;

3.1.6. təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarət etmək;

3.1.7. təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi həyata keçirmək;

3.1.8. təhsil proqramlarına (kurikulumlara), tədris planlarına və proqramlarına dair təklifləri Nazirliyə təqdim etmək;

3.1.9. məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlb edilməsi və icbari ümumi orta təhsilin həyata keçirilməsi üçün tədbirlər görmək;

3.1.10. təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində müvafiq şərait yaradılmasının təşkilinə nəzarət etmək;

3.1.11. rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyalarını yaratmaq və onların fəaliyyətini təşkil etmək;

3.1.12. sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmətin təşkilinə nəzarəti təmin etmək;

3.1.13. nitq pozuntusu olan təhsilalanlara kömək məqsədilə loqopedik xidmətin təşkilini təmin etmək;

3.1.14. digər dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işinin təşkilində iştirak etmək;

3.1.15. müxtəlifsəviyyəli və müxtəlifmiqyaslı fənn olimpiadaları, müsabiqələr və yarışlar keçirmək;

3.1.16. təhsil müəssisələrində idman-sağlamlıq və profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görmək, uşaqların və şagirdlərin idman yarışlarında, turist yürüşlərində iştirakına, texniki və bədii yaradıcılığına, digər tədbirlərə dəstək vermək;

3.1.17. fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığını təmin etmək, habelə təhsilalanların müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaratmaq;

3.1.18. xüsusi istedada malik təhsilalanların müəyyənləşdirilməsi və təhsillərinin davam etdirilməsinin stimullaşdırılması üçün tədbirlər görmək;

3.1.19. tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq siniflərinin və kurslarının təşkil edilməsi üçün tədbirlər görmək;

3.1.20. dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi üçün tədbirlər görmək;

3.1.21. təhsil müəssisələrində pedaqoji işçilərin dərs yükü normalarına riayət olunmasına nəzarət etmək;

3.1.22. təhsil müəssisələrinin (dövlət təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya verilməsi ilə əlaqədar rəy verilməsində iştirak etmək;

3.1.23. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyində olan təhsil müəssisələrinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan təhsil müəssisələrinin nizamnamələrinə dair Nazirliyə rəy vermək;

3.1.24. ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası istisna olmaqla, təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmə) həyata keçirilməsinə nəzarət etmək;

3.1.25. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, ümumi təhsil müəssisələrinə, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun, habelə şagirdlərin sinifdən-sinfə keçirilməsinin və yerdəyişməsinin həyata keçirilməsini təşkil etmək;

3.1.26. dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkil edilməsinə nəzarət etmək;

3.1.27. müvafiq sahədə planlaşdırmanı, proqnozlaşdırmanı, əlaqələndirməni və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirmək;

3.1.28. dövlət təhsil müəssisələrinin dərsliklərlə, dərs vəsaitləri və digər tədris-metodiki vasitələr, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər əyani və texniki vasitələrlə təminatını həyata keçirmək;

3.1.29. tabeliyində olan təhsil müəssisələrində tam dövlət təminatında olan təhsilalanları yemək, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, yataq ləvazimatı, dərslik, tədris ləvazimatı, zəruri avadanlıqla və s. ilə təmin etmək;

3.1.30. dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən onların mükafatlandırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;

3.1.31. tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin təhsilverənlərə (pedaqoji kadrlara) tələbatı barədə məlumatı Nazirliyə təqdim etmək;

3.1.32. tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqi üçün tədbirlər görmək;

3.1.33. tabeliyində olan təhsil müəssisələrinə münasibətdə təhsilverənlərin əlavə təhsilinin təmin edilməsi üçün tədbirlər görmək;

3.1.34. təhsil müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

3.1.35. tabeliyində olan təhsil müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlayaraq Nazirliyə təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;

3.1.36. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təklifləri Nazirliyə təqdim etmək;

3.1.37. müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

3.1.38. ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqi üçün tədbirlər görmək;

3.1.39. dövlət təhsil müəssisələrində pedaqoji şuraların təsdiq edilmiş əsasnaməyə uyğun təşkilinə və fəaliyyətinə nəzarət etmək;

3.1.40. müvafiq sahədə statistik məlumatları və hesabatları toplamaq, təhlil etmək və nəticələrini müvafiq orqanlara təqdim etmək;

3.1.41. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.42. təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən istifadəsini təmin etmək;

3.1.43. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.44. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.45. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.46. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.47. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.48. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.49. Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

3.1.50. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Agentlik aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahədə normativ hüquqi aktın qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh olunması, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında təklifləri Nazirliyə təqdim etmək;

4.1.2. təhsil müəssisələrindən fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat və məlumatlar almaq;

4.1.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər, tədqiqatlar və araşdırmalar aparmaq, monitorinqlər keçirmək, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək;

4.1.5. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq təhsil müəssisələri işçilərinin həvəsləndirilməsini və mükafatlandırılmasını həyata keçirmək, onlara dövlət təltiflərinin və fəxri adların verilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

4.1.7. dövlət təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifahının yaxşılaşdırılmasına və onlara dövlət qayğısının artırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;

4.1.8. dövlət təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə təklifləri Nazirliyə təqdim etmək;

4.1.9. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək, belə tədbirlərin keçirilməsini təşkil etmək;

4.1.10. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti dövlət orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək;

4.1.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentlik öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) vasitəsilə həyata keçirir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Agentlik direktorunun Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.

5.4. Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Agentliyin direktoru:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;

5.5.3. müəyyən edilmiş əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini, gəlir və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.5.4. strukturuna daxil olan qurumların əsasnamələrini, habelə tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.5.5. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.6. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində, Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.7-ci yarımbəndi nəzərə alınmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirlər daxilində onların gəlir və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

5.5.7. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin, əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin və ayrılmış büdcə təxsisatı çərçivəsində gəlir və xərclər smetasının təsdiq edilməsinə razılıq verir;

5.5.8. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərini, yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür;

5.5.9. strukturuna daxil olan yerli bölmələrin şöbə müdirlərinin və onların müavinlərinin, həmçinin strukturuna daxil olmayan tabeliyindəki təhsil müəssisələrinin filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;

5.5.10. Agentlik direktorunun müavinləri və strukturuna daxil olan yerli bölmələrin rəhbərləri istisna olmaqla, Agentliyin digər dövlət qulluqçularına, habelə strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərinə qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir;

5.5.11. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.12. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim edir;

5.5.13. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

5.5.14. Agentliyin fəaliyyəti barədə Nazirliyə hesabat verir;

5.5.15. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Agentliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.16. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;

5.5.17. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-metodik şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin