RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN VİTSE-PREZİDENTİ ALBERT QOR İLƏ GÖRÜŞMÜŞDÜR
Heydər Əliyev bu görüşdən məmnun olduğunu söylədi və Albert Qor ilə Qahirədə keçirdiyi görüşü yaxşı xatırladığını bildirdi. ABŞ-ın vitse-prezidenti də Azərbaycan Prezidenti ilə görüşlərindən razı qaldığını bildirdi.
Dövlətimizin başçısı cənab Albert Qora Ermənistan-Azərbaycan müharibəsində hazırkı vəziyyət, atəşkəs rejiminin bir ilə yaxın davam etməsi haqqında, münaqişənin ATƏT-in Minsk qrupu vasitəsilə həll olunması istiqamətində görülən işlər barədə məlumat verdi.
Albert Qor Azərbaycanın neft müqaviləsində öz payından 5 faizi “Ekson” şirkətinə verməsi xəbərinin ABŞ-da razılıqla qarşılandığını söylədi və buna görə respublikamızın Prezidentinə təşəkkürünü bildirdi.
Heydər Əliyev öz növbəsində dedi ki, indi Azərbaycanda Amerikanın beş iri neft şirkəti fəaliyyət göstərir. Prezident Xəzər dənizinin statusuna dair məsələlərin müzakirəsi zamanı ABŞ-ın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə ehtiyac olduğunu xüsusi vurğuladı.
Respublikanın rəhbəri Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyətdən bəhs edərək dedi ki, ölkəmiz demokratiya yolu ilə inkişaf etməkdədir. O, respublikamızın beynəlxalq maliyyə orqanları ilə əlaqələrindən də söhbət açdı və dedi ki, Azərbaycan bazar münasibətləri yolunu seçmiş və bu yoldan dönməyəcəkdir. Heydər Əliyev bu ilin oktyabrında respublikada parlament seçkiləri keçirilməsinə və referendum yolu ilə yeni konstitusiya qəbul edilməsinə geniş hazırlıq görüldüyündən də bəhs etdi və dedi ki, bu parlament Azərbaycanda ilk demokratik parlament olacaqdır.
Albert Qor yeni müstəqillik qazanmış dövlətlərin demokratiya yolu ilə inkişaf etməsini ABŞ-ın çox arzuladığını bəyan etdi və dedi ki, biz demokratiyaya, siyasi plüralizmə tam riayət edilməsinin tərəfdarıyıq. O, Azərbaycan rəhbərinin siyasətini qiymətləndirdiyini vurğuladı.
Heydər Əliyev bu yaxınlarda Azərbaycanda Amerika səfirliyi binasının açıldığını qeyd etdi və özünün də həmin mərasimdə iştirak etdiyini, ABŞ-ın ölkəmizdəki səfiri ilə sıx əlaqə saxladığını söylədi.
Respublika Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ABŞ-ın daha ciddi səylər göstərməsini arzuladığını bildirdi.