RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV BÖYÜK BRİTANİYA KRALİÇASI II YELİZAVETA VƏ ONUN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Kraliça II Yelizaveta Heydər Əliyevi mehribanlıqla salamladı və onu öz ailə üzvləri ilə tanış etdi, Azərbaycan rəhbərini Londonda görməsindən çox şad olduğunu vurğuladı. Azərbaycan Prezidenti Kraliça ilə görüşündən böyük məmnunluq duyduğunu söylədi.
İkinci Dünya müharibəsinin başa çatmasının 50 illiyi münasibətilə Londonda keçirilən şənliklərdən Heydər Əliyevin razı qalacağına ümidvar olduğunu bildirən Kraliça bu bayramın bütün xalqlar üçün böyük əhəmiyyətini qeyd etdi.
Ötən müharibədə qələbənin əldə olunmasında İngiltərənin, ABŞ-ın, keçmiş Sovetlər İttifaqının böyük rolundan danışan Heydər Əliyev burada Azərbaycanın da mühüm payı olduğunu bildirdi. O dedi ki, İkinci Dünya müharibəsində Azərbaycandan yüz minlərlə adam iştirak etmiş, alman faşist işğalçılarına qarşı mübarizədə qəhrəmanlıq göstərmişdir. Prezident bildirdi ki, həmin qələbənin əldə edilməsinə Azərbaycan zəhmətkeşləri də öz layiqli töhfələrini vermişlər. Müharibə dövründə Sovetlər İttifaqında çıxarılan neftin 90-95 faizi Azərbaycanda istehsal olunurdu. Heydər Əliyevin fikrincə, o vaxt Azərbaycan nefti olmasaydı, müharibənin nə ilə nəticələnəcəyi şübhə altında qalardı.
Kraliça II Yelizaveta dedi: İkinci Dünya müharibəsi göstərdi ki, bütün xalqlar, ölkələr ümumi bəlaya -faşizmə qarşı birləşə bilərlər və yer üzündə sülhün bərqərar olması üçün dünya dövlətlərinin müttəfiqliyi çox vacibdir. O dedi ki, bir zamanlar düşmən mövqelərdə dayanmış dövlətlərin rəhbərləri indi burada - Londonda bayram şənliklərində dost kimi iştirak edirlər. Onun fikrincə, bu dostluq, əmin-amanlıq Avropada, bütövlükdə dünyada sülhün bərqərar olmasına gətirib çıxarmalıdır.
Görüşün sonunda respublikamızın Prezidenti Kraliça II Yelizavetanı Azərbaycana səfərə dəvət etdi. Heydər Əliyev dedi ki, hörmətli Kraliça II Yelizavetanı Azərbaycanda çox sevirlər. Onun ölkəmizə səfəri Kraliçanın özü üçün də çox maraqlı olar. Çünki Azərbaycan maraqlı, zəngin bir ölkədir və bizim qədim tariximiz, mədəniyyətimiz vardır. Respublika Prezidenti Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrin tarixi köklərə malik olduğunu xatırlatdı.
Kraliça II Yelizaveta bu dəvətə görə dərin minnətdarlığını və təşəkkürünü bildirdi.