RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV DANİMARKANIN BAŞ NAZİRİ POL NİRUN RASSMUSSEN İLƏ GÖRÜŞMÜŞDÜR
Baş nazir Rasmussen Heydər Əliyevi Danimarka torpağında salamlamasına məmnun olduğunu bildirdi. O dedi ki, zirvə görüşü müvəffəqiyyətlə keçəcək və onun nəticələri müsbət olacaqdır.
Prezident Heydər Əliyev Kopenhagen zirvə görüşündə iştirak etmək üçün dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirdi. O qeyd etdi ki, bu toplantı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti dedi ki, Kopenhagendə qəbul olunacaq qərarlar sosial problemlərin həllinə, insanların həyat səviyyəsinin yüksəlməsinə və xalqların rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərəcəkdir.
Baş nazir Rassmussen dedi ki, Danimarka müstəqillik qazanmış keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan ilə əlaqələri inkişaf etdirmək niyyətindədir. O qəti əmin olduğunu bildirdi ki, Danimarka ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni və ticarət əlaqələrinin inkişaf etdirilməsi xalqlarımızın mənafeyinə tam uyğun gəlir.
Prezident Heydər Əliyev onun fikirlərinə şərik olduğunu bildirərək qeyd etdi ki, Azərbaycan bazar iqtisadiyyatına malik demokratik dövlət quruculuğu yolunu seçmişdir və bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək niyyətindədir.
Heydər Əliyev keçən ilin sentyabrında Azərbaycanda imzalanmış neft müqaviləsi, aparılan iqtisadi islahatlar və ölkəmizin iqtisadi potensialı barədə Baş nazir Rassmussenə söhbət açaraq bildirdi ki, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinə hər cür şərait vardır.