RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV FAŞİZM ÜZƏRİNDƏ BÖYÜK QƏLƏBƏNİN 50 İLLİYİ MÜNASİBƏTİLƏ LONDON, PARİS VƏ MOSKVADA KEÇİRİLMİŞ TƏNTƏNƏLƏRDƏ İŞTİRAK ETMİŞDİR
Qısa istirahətdən sonra Heydər Əliyev ölkənin xarici işlər və millətlər birliyi işləri üzrə naziri Duqlas Hörd ilə görüşdü. Söhbət zamanı İngiltərə-Azərbaycan əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti respublikamızdakı ictimai-siyasi vəziyyət haqqında məlumat verdi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına dair ölkəmizin mövqeyini bir daha açıqladı. Heydər Əliyev qeyd etdi ki, münaqişə zonasında bir ilə yaxındır ki, atəşkəsə əməl olunur, lakin belə vəziyyət torpaqlarının xeyli hissəsi işğal edilmiş Azərbaycanı qətiyyən razı sala bilməz. Ona görə də bu problem birdəfəlik həll edilməli, beynəlxalq təşkilatlar bununla əlaqədar öz qəti sözünü deməlidirlər. Çünki Ermənistan tərəfi münaqişəyə son qoyulmasına dair beynəlxalq təşkilatların qəbul etdikləri qərarları yerinə yetirməkdən boyun qaçırır.
Təkbətək keçən görüşdə tərəfləri maraqlandıran başqa məsələlərə də toxunuldu.
Elə həmin gün İngiltərə paytaxtında Azərbaycan mədəniyyət evinin açılışı oldu. Respublika Prezidenti Heydər Əliyev və səfərdə onu müşayiət edən şəxslər mərasimdə iştirak edirdilər.
Respublika Prezidenti Heydər Əliyev mədəniyyət evinin açılışı zamanı jurnalistlərə verdiyi müsahibədə qeyd etdi ki, xalqımızın tarixi keçmişini, zəngin mədəniyyətini dünya xalqlarına çatdırmaq müstəqil Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdəndir.
Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev Londonda Hitler faşizmi üzərində böyük Qələbənin 50 illiyinə həsr olunmuş təntənələrdə iştirak etdi.
Mayın 6-da İngiltərənin Baş naziri Con Meycor Qələbənin 50 illiyi münasibətilə rəsmi qəbul təşkil etdi. Qəbulda çıxış edən Kraliça II Yelizaveta müharibənin xalqlara və ölkələrə gətirdiyi bəlalardan danışdı və bütün səyləri birləşdirərək, hazırda dünyanın müxtəlif yerlərində alovlanan müharibə ocaqlarını söndürməyin vacib olduğunu söylədi.
Mayın 7-də Heydər Əliyev öz istiqamətgahında İngilətərınin “Britiş Petroleum” şirkətinin prezidenti Con Braunu və şirkətin yüksək vəzifəli şəxslərini qəbul etdi. Söhbət zamanı “Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Azərbaycan Prezidenti mayın 8-də, Parisə gələndən az sonra İsveçrə banklarının nümayəndələrini qəbul etdi. Görüş zamanı ölkəmizə maliyyə yardımı göstərilməsi, bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
İkinci Dünya müharibəsində faşizmə qarşı vuruşan dövlətlərin başçıları və yubiley təntənələrində iştirak etmək üçün Fransa paytaxtına dəvət olunmuş nümayəndə heyətləri Parisdəki Zəfər tağının önünə gəldilər. Hələlik Parisin meri olan, lakin mayın 7-də Fransanın yeni Prezidenti seçilmiş Jak Şirak hörmətli qonaqlarla görüşdü. Sonra isə indiki Prezident Fransua Mitteran meydana daxil oldu və qonaqları salamladı, fəxri qarovulun sırası önündən keçdi.
Faşizmə qarşı vuruşmuş dövlətlərin bayraqları meydana gətirildi. Onların arasında müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalanırdı.
Hərbi paraddan sonra Fransa Prezidenti Fransua Mitteran Yelisey sarayında ali qonaqların şərəfinə ziyafət verdi.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük Vətən müharibəsində tarixi Qələbənin 50 illiyi münasibətilə Rusiya paytaxtında keçirilən yubiley təntənələrində iştirak etmək üçün Moskvaya yola düşdü.
Sonra Poklonnaya Qora adlı yerdə böyük Qələbənin 50 illiyi şərəfinə hərbi parad oldu.
Yubiley təntənələrində iştirak etmək üçün Rusiya paytaxtına dəvət olunmuş müxtəlif ölkələrin dövlət və hökumət başçıları hər iki tədbirdə iştirak etdilər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də ali qonaqlar arasında idi.
Hərbi parad qurtardıqdan sonra Poklonnaya Qorada yaradılmış Qələbə memorialının təntənəli açılışı oldu.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri