RƏSMİ SƏNƏDLƏR
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020; 2018, № 5, maddə 896; 2020, № 4, maddə 405, № 9, maddə 1152, № 12 (I kitab), maddə 1460; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 avqust tarixli 1796 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədə “135” rəqəmləri “150” rəqəmləri ilə, “665” rəqəmləri “900” rəqəmləri ilə əvəz edilsin;
1.2. 5-ci hissədə “qida məhsullarının təhlükəsizliyi” sözləri (hər iki halda) “qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyəti” sözləri ilə, “qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının” sözləri “qida və yem məhsullarına dair digər beynəlxalq standartların onların” sözləri ilə əvəz edilsin;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” üzrə:
1.3.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) qida təhlükəsizliyi sahəsinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində qeydiyyatı və təsdiqi, idxal sağlamlıq aktının, sağlamlıq, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida zəncirinin bütün mərhələlərində qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi sahələrində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətini, habelə dövlət siyasətini və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”;
1.3.2. 2.0.3-cü yarımbənddə “məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini)” sözləri “təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalarının) hazırlanmasını və qəbulunu” sözləri ilə əvəz edilsin;
1.3.3. 2.0.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.0.4. qida təhlükəsizliyi sahəsində qeydiyyatı, texniki normativ hüquqi aktların tələblərinə uyğunluq qiymətləndirilməklə təsdiqi həyata keçirir və Qida Təhlükəsizliyi Reyestrini aparır;”;
1.3.4. 2.0.5-ci yarımbəndə “qida” sözündən sonra “və yem” sözləri əlavə edilsin;
1.3.5. 2.0.6-cı yarımbənddə “qida təhlükəsizliyi” sözləri “idxal sağlamlıq aktı, sağlamlıq” sözləri ilə əvəz edilsin;
1.3.6. aşağıdakı məzmunda 3.0.2-1-ci yarımbənd əlavə edilsin:
“3.0.2-1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyini tanımaq;”;
1.3.7. 3.0.7-ci və 3.0.11-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.0.7. qida zənciri obyektlərinin (subyektlərinin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 25.1-ci maddəsində müəyyən edilmiş məhsulların qeydiyyatını, qida zənciri obyektlərinin təsdiqini həyata keçirmək və Qida Təhlükəsizliyi Reyestrini aparmaq, idxal sağlamlıq aktını, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatlarını vermək;”;
“3.0.11. Qanuna əsasən, müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların geri çağırılması, yığışdırılması, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası, məhv edilməsi və birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması barədə qərar qəbul etmək;”;
1.3.8. 3.0.11-1-ci yarımbənddə “yem və” sözləri “yem məhsullarının və” sözləri ilə əvəz edilsin;
1.3.9. aşağıdakı məzmunda 3.0.11-3-cü yarımbənd əlavə edilsin:
“3.0.11-3. qanuna əsasən elan olunmuş böhran vəziyyətinin idarə edilməsinə dair aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə plan hazırlamaq, qabaqlayıcı, məhdudlaşdırıcı və qadağanedici tədbirlər həyata keçirmək, habelə qida təhlükəsizliyi riskləri üzrə erkən xəbərdarlıq sistemləri yaratmaq;”;
1.3.10. 3.0.13-cü yarımbəndə “müayinədən keçmələrinə” sözlərindən sonra “, habelə gigiyenik təlimlərə cəlb olunmalarına” sözləri əlavə edilsin;
1.3.11. 3.0.14-1-ci yarımbənddə “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində” sözləri “qida zənciri obyektlərində” sözləri ilə əvəz edilsin;
1.3.12. aşağıdakı məzmunda 3.0.15-1-ci yarımbənd əlavə olunsun:
“3.0.15-1. tabeliyindəki qurumun elmi əsaslandırılmış təklifləri əsasında qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya olunması) ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək;”;
1.3.13. 3.0.16-cı yarımbəndə “qida məhsullarının” sözlərindən sonra “minimum keyfiyyət, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların” sözləri əlavə edilsin;
1.3.14. 3.0.17-ci, 3.0.19-cu, 3.0.26-cı və 3.0.28-ci (birinci halda) yarımbəndlərə “qida” sözündən sonra “və yem” sözləri əlavə edilsin;
1.3.15. 3.0.18-ci yarımbəndə “qida” sözündən sonra “və yem” sözləri, “tədbirlər görmək” sözlərindən sonra “, o cümlədən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrini aparmaq” sözləri əlavə edilsin;
1.3.16. 3.0.23-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.23. qanunla müəyyən olunmuş hallarda və qaydada ölkəyə idxal edilən qida və yem məhsullarının istehsal və emal edildiyi qida zənciri obyektlərini təsdiq etmək, idxal olunan qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktı vermək, qida və yem məhsullarının ixracı ilə bağlı idxalçı ölkələr tələb etdiyi halda sağlamlıq sertifikatı vermək;”;
1.3.17. aşağıdakı məzmunda 3.0.23-1-ci yarımbənd əlavə edilsin:
“3.0.23-1. qanuna uyğun olaraq qida və yem məhsullarının istehsal və emal edildiyi qida zənciri obyektlərinin təsdiqi ilə bağlı xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyini tanımaq;”;
1.3.18. 3.0.25-ci yarımbənddə “məhsullarının” sözü “və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların” sözləri ilə əvəz edilsin;
1.3.19. 3.0.29-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.29. genetik modifikasiya olunmuş orqanizmlərin, qida və yem məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görmək;”;
1.3.20. 3.0.30-cu yarımbənddə “məhsullarının” sözü “məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, habelə onların” sözləri ilə əvəz edilsin;
1.3.21. 3.0.31-ci yarımbənddə “qida mənşəli genetik məhsulların” sözləri “qida və yem məhsullarının” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “qalıb-qalmadığını” sözlərindən sonra “, o cümlədən qanuna uyğun olaraq genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının qeydiyyatının olub-olmamasını” sözləri əlavə olunsun;
1.3.22. 3.0.32-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.32. qida zənciri subyektlərindən məhsulların izlənilməsi ilə bağlı sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları tələb etmək;”;
1.3.23. 3.0.33-1-ci yarımbənddə “qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı,” sözləri “qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi,” sözləri ilə əvəz edilsin;
1.3.24. 3.0.33-15-ci yarımbənddə “yemlərdə, yem əlavələrində” sözləri “yem məhsullarında” sözləri ilə əvəz edilsin;
1.3.25. 3.0.33-20-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.33-20. bioloji aktiv qida məhsullarının emalına, dövriyyəsinə, utilizasiyasına və məhv edilməsinə nəzarət etmək;”;
1.3.26. 3.0.33-21-ci yarımbənddə “yeyinti məhsuluna “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi zamanı” sözləri “qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı” sözləri ilə əvəz edilsin;
1.3.27. 3.0.34-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.0.34. tabeliyindəki qurum vasitəsilə qida və yem məhsullarına dair beynəlxalq standartların könüllü tətbiqi üzrə məsləhət və təlim, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya tədqiqi (sınağı), ekspertiza və tədqiqat (ölçmə) xidmətləri göstərmək, habelə laboratoriyalar arası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı əlaqələndirmənin təmin edilməsi məqsədilə istinad (referens) laboratoriyası funksiyalarını həyata keçirmək;”;
1.3.28. 4.0.12-ci yarımbənddə “istehsal, satış, xidmət və saxlama” sözləri “qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsal, istehsal, emal, dövriyyə, məhv edilmə və utilizasiya üçün nəzərdə tutulmuş müvafiq” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə “qida” sözündən sonra “və yem” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) bu Fərmanın 1.1-ci bəndinə əsasən artırılmış ştat vahidlərinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilsin:
2.1. regional bölmələrin 31 ştat vahidi - 2022-ci il noyabrın 1-dən;
2.2. aparatın 15 ştat vahidi və regional bölmələrin 95 ştat vahidi - 2023-cü il yanvarın 1-dən;
2.3. regional bölmələrin 109 ştat vahidi - 2024-cü il yanvarın 1-dən.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin.
4. Agentlik bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman (2.1-ci və 2.3-cü bəndləri istisna olmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2022-ci il