AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının mayın 14-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Əli Hüseynov demişdir ki, 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış Seçki Məcəlləsi ölkədə normal seçki keçirilməsi üçün mükəmməl hüquqi baza yaratmışdır və artıq həmin Məcəllə ilə bir neçə seçki keçirilmişdir. Lakin zaman keçdikcə dünyada demokratikləşmə prosesi inkişaf edir və tələblər dəyişir. Ona görə də sənədin yenidən təkmilləşdirilməsinə zərirət yaranmışdır. Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunan bu qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri də nəzərə alınmaqla hazırlanmış və hər iki qurum tərəfindən müsbət rəylə qiymətləndirilmişdir.
Sonra Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov məcəlləyə təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat vermişdir. O demişdir ki, Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu məcəlləyə təklif edilən əlavələri və dəyişikliklərli seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan müsbət addım kimi qiymətləndirmişlər.
Layihəyə əsasən, Məcəlləyə seçkilərin gedişinə qanunsuz müdaxilənin yolverilməzliyi barədə ayrıca müddəanın daxil edilməsi təklif olunur. Digər bir təklif seçki bülletenləri üçün zərflərdən istifadə olunmaması ilə bağlıdır. Bu, səsvermə prosedurlarını sadələşdirməyə xidmət edəcəkdir. Digər bir dəyişikliyə görə adları seçici siyahısında olmayan seçicilərin adları seçici siyahısına əvvəllər olduğu kimi, məhkəmə qərarı əsasında deyil, yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər. Seçicilərin ünvanları təkcə internetdə deyil, həm də seçki məlumat dəftərində açıq göstəriləcəkdir. Təqdim olunan sənəddə Mərkəzi Seçki Komissiyasına “exit-poll” keçirən təşkilatların akkreditasiyasını aparmaq səlahiyyəti verilir. Eləcə də xüsusi rejimli hərbi hissələrdə seçki məntəqələri yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi hallarda yaradıla bilər.
Bundan başqa, seçkiqabağı təşviqat materiallarının xüsusi müəyyənləşdirilmiş yerlərdən savayı binalarda, obyektlərdə yerləşdirilməsi qadağandır. Seçkilərin ilkin nəticələri səsvermənin yekunlarına dair protokollar dairə seçki komissiyaları tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra açıqlanacaqdır.
Məcəlləyə təklif edilən daha bir dəyişikliyə əsasən, televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtı “Reklam haqqında” Qanuna uyğun aparılacaqdır. Qeyd olunmuşdur ki, Seçki Məcəlləsinə redaktə xarakterli bəzi əlavələr təklif olunub. Ümumilikdə isə əlavələr və dəyişikliklər ilk növbədə seçki komissiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, Məcəllənin təkmilləşdirilməsi məqsədi daşıyır.
Müzakirələr zamanı deputatlar sənədlə bağlı rəy və təkliflərini bildirmişlər.
Müzakirələrdə Avropa Şurasının və ATƏT-in Bakı ofisinin nümayəndələri iştirak etmişlər.
Sonda qanun layihəsi Milli Məclisin iclasında müzakirə olunmağa tövsiyə edilmişdir.