İQTİSADİYYAT
Azərbaycan Rusiyada keçirilən sənaye istehsalı indeksinin hesablanması mövzusuna dair seminarda iştirak etmişdir
Bakı, 26 may (AZƏRTAC). Rusiya Federasiyasının Ali İqtisadiyyat Məktəbi-Milli Tədqiqat Universitetində sənaye istehsalı indeksinin hesablanması mövzusuna dair seminar keçirilmişdir.
Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Hacıbala Dadaşov və Əbülfəz Kərimov iştirak etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycanda sənaye istehsalı indeksi beynəlxalq metodoloji tövsiyələrə əsaslanır və beynəlxalq təsnifatların bazasında hazırlanmış milli təsnifatlardan istifadə edilməklə hesablanır.
Digər çıxış edənlər indeksin hesablanmasında tətbiq etdikləri üsullar, istifadə olunan təsnifatlar, hesablamalarla bağlı yaranan problemlər barədə məlumat vermişlər.
Seminarda Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak etmişlər.