İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyasında klasterlərin yaradılması ilə bağlı Latviya təcrübəsi müzakirə olunub
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Latviyanın “Cleantech Latvia” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “Cleantech Latvia” klasterinə daxil olan şirkətlərin nümayəndələri iştirak ediblər. Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova ASK-ın fəaliyyət istiqamətləri, regional və beynəlxalq səviyyədə təmsilçilik şəbəkəsi barədə geniş məlumat verib.
ASK-ın ölkəmizin özəl sektorunu Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, İpək Yolu Beynəlxalq Ticarət və Sənaye Palatası, Türk Ticarət və Sənaye Palatası və digər nüfuzlu beynəlxalq qurumlarda təmsil etməsi və ötən dövrdə 21-dən çox xarici ölkədə rəsmi nümayəndəliklərin açılması qonaqların diqqətinə çatdırılıb.
“Cleantech Latvia” klasterinin icraçı direktoru Evia Pudane ölkəmizdə kənd təsərrüfatı, su sənayesi, informasiya texnologiyaları, peşə təhsili, tikinti üzrə mühəndislərin sertifikasiyası kimi sahələrlə bağlı mövcud olan iş imkanları ilə maraqlanıb.
Latviyalı iş adamlarına Azərbaycanın kənd təsərrüfatı, aqrar sahə, xüsusən işğaldan azad olunan ərazilərdə mövcud olan potensial və xarici investorların bu sahəyə göstərdiyi maraq barədə ətraflı məlumatlar verilib. Bununla yanaşı, ölkəmiz üçün klasterlərin yaradılması ilə bağlı Latviya təcrübəsinin maraqlı ola biləcəyi vurğulanıb.