İQTİSADİYYAT
Azərbaycan şərablarının Çin bazarında satışının artırılması müzakirə olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan şərablarının Çin bazarında təşviqi və satışının artırılması müzakirə edilib.
Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, fondda Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan şərablarının Çin bazarında təşviqi və satışının artırılması məqsədilə görülən işlərdən bəhs edib. Bildirilib ki, bu istiqamətdə artıq Çinin Urumçi və Şanxay şəhərlərində şərab evi fəaliyyət göstərir, azərbaycanlı şərab istehsalçıları Çində təşkil olunan bir çox sərgilərdə iştirak edib, şərab ixracının artırılması istiqamətində müzakirələr aparıblar.
Y.Abdullayev çinli mütəxəssisləri ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə sıx əməkdaşlığa dəvət edib.
Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun şərab mütəxəssisləri, media nümayəndələri və spirtli içki idxalçılarından ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində 14 şərab istehsalı müəssisəsində istehsal prosesi ilə tanış olub, yerli istehsalçılarla məhsulların Çinə ixracına dair danışıqlar aparıblar.