Azərbaycan ŞƏT-in İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub



Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Çinin Karamay şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərinin İKT sahəsinə məsul nazirlik və agentlik rəhbərlərinin 4-cü görüşündə təmsil olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən yeni təşəbbüs və layihələr barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə gələcək əməkdaşlığa hazır olduğunu bir daha vurğulayıb və təşkilatın regional inkişaf istiqamətindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Səfər çərçivəsində nazirlik rəsmisi “Huawei” şirkətinin bir sıra qabaqcıl texnoloji obyektlərini – İntellektual Nəqliyyat Sistemləri Mərkəzi və Yaşıl Bulud Məlumat Mərkəzini ziyarət edib. Bu obyektlərə səfər zamanı “ağıllı nəqliyyat” və davamlı rəqəmsal infrastruktur sahəsində tətbiq edilən innovativ texnologiyalarla tanışlıq imkanı əldə olunub. Bəxtiyar Məmmədov “Huawei” şirkətinin vitse-prezidenti Angela Lin və digər yüksəkvəzifəli rəhbərlərlə görüş keçirib. Görüşdə rəqəmsal infrastruktur, “ağıllı nəqliyyat” sistemləri və yaşıl texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.