AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ BÖLÜYÜNÜN 1-Cİ SƏVİYYƏLİ NATO QİYMƏTLƏNDİRMƏSİ TƏLİMİ UĞURLA BAŞA ÇATMIŞDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 18-dən 26-dək Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə daxil edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilmişdir. Təlim uğurla başa çatmışdır.
Niderlandın Brunsum şəhərində NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının 6 zabiti (İsveç, Avstriya, Almaniya, Finlandiyanın hərəsindən bir, Belçikadan 2) qiymətləndiricilər qrupunun üzvləri qismində iştirak etmişdir.
Təlimin şərti ssenarisinə uyğun olaraq, NATO qüvvələri ilə birgə 15 tapşırıq (arama və axtarma, humanitar yüklərin müşayiət edilməsi, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz daşınan maddələrin aşkar edilməsi, vertolyotla evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkar edilməsi, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingilis dilinin səviyyəsi və s.) icra edilmiş və Azərbaycan Silahlı Qüvvələrinin bölüyü tapşırıqları uğurla yerinə yetirmişdir.
NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının qiymətləndiricilər qrupu təlimdən razı qaldıqlarını bildirmişlər. Yaxın zamanlarda komandanlığın hesabatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim ediləcəkdir.
Xatırladaq ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün ilk qiymətləndirmə təlimi 2007-ci il noyabrın 13-15-də keçirilmişdir.