AZƏRBAYCAN-TACİKİSTAN MÜNASİBƏTLƏRİNƏ SANBALLI TÖHFƏ
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev Düşənbədə çıxan nüfuzlu “Arqumentı i faktı “Tacikistan” qəzetinə müsahibə vermişdir.
O, müxbirin sualına cavab verərək Azərbaycan Demokratik Respublikasının tarixindən, Azərbaycan xalqının müstəqillik arzularından xəbər verən Şərqdə ilk demokratik respublikanın yaranmasından bəhs etmişdir.
Səfir qeyd etmişdir ki, Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş bu tarixi gün - 1918-ci il mayın 28-i hazırda Respublika günü kimi qeyd edilir. Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa edərək təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni cəmiyyət qurur. Bu siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Azərbaycan-Tacikistan münasibətlərinə toxunan M.Əliyev bildirmişdir ki, keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, xalqlarımız dostluq münasibətlərini qoruyub saxlamış, gələcək qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymuşlar.
Bizi tarixi, mədəni və iqtisadi baxımdan birləşdirən cəhətlər çoxdur və siyasi nöqteyi-nəzərdən biz gənc, Qərb yönümlü, inkişaf edən demokratiyalarıq. Ölkələrimiz vətəndaşlarının güzəranını daha yüksək səviyyəyə qaldırmaq üçün bütün imkanlara malikdir.
“Hazırda iqtisadi sahədə ikitərəfli əməkdaşlığın potensialından yetərincə istifadə olunurmu?” sualına cavab verən səfir demişdir: “Bu gün Azərbaycan ilə Tacikistan arasında dövlətlərarası və hökumətlərarası 24 saziş imzalanmışdır. Bu, yalnız başlanğıcdır. Azərbaycan tərəfi dost Tacikistan ilə hərtərəfli münasibətlərin inkişafında maraqlıdır və qarşılıqlı faydalı iqtisadi layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir”.
Hökumətlərarası komissiyanın Tacikistan tərəfdən üzvləri bu ilin mart ayında Bakıda olmuşlar. Bu səfər 2008-ci ilin ikinci yarısında keçiriləcək birinci iclasa ətraflı hazırlaşmağa imkan vermişdir.
Azərbaycan ilə Tacikistan arasında təkcə sənaye sahəsində (ərzaq sənayesi, yüngül sənaye, neft-qaz sənayesi, alüminium sahəsi, tikinti materialları) deyil, həm də energetika, nəqliyyat, mədəniyyət, təhsil və müqavilə-hüquq sahələrində əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək planlaşdırılır.
Azərbaycanda olduğu kimi, Tacikistanda da imzalanmış sənədlərin tezliklə ratifikasiya olunması üçün fəal iş aparılır. Bir çox şirkətlər prezidentlərimizin görüşü zamanı qəbul olumuş qərarları artıq həyata keçirməyə başlamışlar. Məsələn, Tacikistanın “TALKO” şirkəti bu il yanvarın 1-dən yüklərinin 85 faizini Azərbaycan ərzisindən keçməklə daşıyır. “TALKO” Azərbaycanın alüminium şirkətində anodların istehsalı üçün 8 milyon dollar dəyərində avadanlığın hazırlanmasını və modernləşdirilməsini başa çatdırmışdır. Azərbaycanda gil-torpaq istehsalını kaustik soda ilə təmin etmək üçün kriolit və ftor duzlarının istehsalı üzrə sexlərin bərpası davam etdirilir. Bu məqsədlə Tacikistan 25 milyon dollar məbləğində vəsait ayırmışdır.
Azərbaycan öz növbəsində Tacikistan tərəfinə ildə güzəştli qiymətlə Heydər Əliyev adına Bakı neft emalı zavodunda istehsal olunan 100-110 min ton xam və közərmiş neft koksu satır.
M.Əliyev vurğulamışdır ki, Azərbaycanın Tacikistanın neft sahəsinə investisiya yatırmaq imkanı vardır. Neftçilərimiz Tacikistanın neft yataqlarında bir neçə ay kəşfiyyat işləri aparmışlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu məqsədlə xeyli vəsait ayırmışdır. Tacikistan Azərbaycan hökumətinin sərmayə qoymaq niyyətində olduğu ikinci (Gürcüstandan sonra) ölkədir.