ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetinin Türkiyənin təhsil proqramında iştirakı müzakirə edilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də Azərbaycan Texniki Universitetində bu ali məktəbin Türkiyə hökumətinin təhsil sahəsində həyata keçirdiyi “Mövlanə Mübadilə Proqramın”da iştirakı və qarşıdakı vəzifələr barəsində məsələ müzakirə edilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı tədbiri açaraq proqramla bağlı qısa məlumat vermiş, görülmüş işlərin nəticələrindən danışmışdır. Prorektor AzTU-nun bu proqram üzrə Türkiyənin beş universiteti ilə əməkdaşlıq etdiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, həmin proqram Türkiyə hökuməti tərəfindən maliyyələşdirilir və qardaş ölkənin universitetləri ilə dünyanın ali məktəbləri arasında əldə edilmiş razılaşmalar əsasında müəllim-tələbə mübadiləsini həyata keçirir.
Tədbirdə “Mövlanə Mübadilə Proqramı”nın AzTU üzrə əlaqələndiricisi, dosent Hüseyn Mirzəyev müəllim və tələbələri həmin layihədə fəal iştirak etməyə çağırmışdır.
Universitetin bir qrup əməkdaşına Ukrayna Milli Texniki Universitetinin, AzTU-nun və Texnologiyaların Transferi üzrə Regionlararası Assosasiyanın (TTİRA) birgə sertifikatı verilmişdir.
Sonda iştirakçıların proqramla bağlı sualları cavablandırılmışdır.